“Qarabağ”a qalib gəlmək gözəl hissdir. Onlara qarşı oynamaq insana ikiqat motivasiya verir. Beynimizi düzgün yönəltdiyimiz zaman hər şey yaxşı olur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Otto Con deyib.
Hücumçu səfərdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın çətinliyindən də danışıb: “Çətin və maraqlı oyun oldu. Azərbaycanın ən yaxşı komandasına qarşı oynayırdıq. Bu qarşılaşmada yaxşı nəticə əldə etmək istəyirdik. Bunun üzərində çalışdıq və sonda qələbə qazandıq. İlk hissədə buraxdığımız qol bizi bir qədər ruhdan salsa da, vəziyyəti dəyişməyi bacardıq. İkinci hissədə daha yaxşı çıxış etdik və bəzi riskləri göz önünə alaraq irəlilədik. Nəticədə hər şey xeyrimizə yekunlaşdı”.
Oyunun son dəqiqələrində qalibiyyəti təmin edən qolu vuran Otto Con azarkeşlərə təşəkkür etməyi də unutmayıb: “Həmişə başımı aşağı salıb işimi görürəm və məşqlərimi davam etdirirəm. Oyuna sonradan daxil oldum və komandama kömək etməyə çalışdım. Son saniyələrdə vurduğum qol ilə komandamıza qələbə qazandırdığım üçün çox sevinirəm. Buradan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Uzaq məsafədən gəlib bizə dəstək olurlar. Artıq diqqətimizi digər oyunlara yönəltməliyik. Daha yüksək pillələrə qalxmaq və onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
GÜNAY SÜLEYMANOVA