“Qarabağ”a qarşı oyunlarımız həmişə çətin keçir. Çox tez qol buraxmağımıza rəğmən, səbrlə gözlədik. İlk dəqiqələrdən çox pressinq edirdilər. Məncə, buraxdığımız qoldan sonra özümüzə gəldik. İlk hissədə əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Amma oyun 90 dəqiqə davam edir. Gözlədik və sonda qollar vuraraq qələbə qazandıq. Futbol elədir ki, kim səhv edirsə, qarşı tərəf bu fürsətdən istifadə edir və onları cəzalandırır”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov söyləyib.

Yarımmüdafiəçi ötən tur “Kəpəz”ə qarşı alınan 2:5 hesablı məğlubiyyətin komandaya dərs olduğunu vurğulayıb: “Çempionatımızda zəif komanda yoxdur. Lakin hər birimiz də bilirik ki, “Qarabağ” digərlərindən fərqlənir. Biz də hər oyuna “Qarabağ”a qarşı hazırlaşdığımız kimi çıxsaq, hər birində meydandan qələbə ilə ayrılarıq. Keçən tur Tovuzda turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Kəpəz”ə məğlub olduq. Bundan sonra məşqçimiz bizi bir az yüksək səslə ayıltdı. Arada belə də olmalıdır. Həmin oyunda sanki özümüzdə deyildik. Məncə, o məğlubiyyət bizə yaxşı dərs oldu ki, səfərdə “Qarabağ”a qqalib gəldik”.

25 yaşlı futbolçu gələn tur “Səbail”lə qarşılaşma öncəsi komandasının məqsədlərindən də danışıb:

“Gələn tur Tovuzda “Səbail” ilə qarşılaşacağıq. Çalışacağıq ki, azarkeşlərimiz önündə qələbə qazanaq. Rəqib fasilədən sonra yaxşı çıxış edir, çıxdıqları hər 2 oyunda qələbə qazanıblar. Bizim ən böyük motivasiyamız isə doğma meydanda azarkeşlərimizi sevindirməkdir. Çünki onlar bizi heç bir oyunda yalnız qoymurlar. Onları sevindirmək bizim üçün ən böyük uğurdur. Prezidentimiz və baş məşqçimiz qarşımıza Avropaya yollanmaq hədəfini qoyub. İnşallah, mövsüm sonu bu hədəfi yerinə yetirər, azarkeşlərimizi daha da sevindirərik”.

GÜNAY SÜLEYMANOVA

Shares: