Misli Premyer Liqasının XX turu liderin məğlubiyyəti ilə yadda qaldı. Ümumilikdə 10 qolun vurulduğu hesabat turunda “Araz-Naxçıvan” uğursuz gedişata son qoydu. Tur həm də autsayderlərin dueli ilə diqqət çəkdi.

“Şamaxı”dan eyni ssenari: yaxşı oyun, 0 xal

Tura Şamaxıda start verildi. Ötən tur “Qarabağ”a qarşı əzmkar oyun göstərən, lakin sonda məğlubiyyətlə üzləşən “Şamaxı” bu dəfə “Zirə” ilə matçda eyni aqibəti yaşadı. Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov start heyətdə 4 yeni transferə – Cəlal Hüseynov, Andrey Tirkoveanu, Vladislav Veremeyev və Alfons Msanqaya şans vermişdi.

Matça daha fəal başlayan “Şamaxı” oyunun əvvəlində bir neçə təhlükəli hücum qurdu. Epizodların birində Tirkoveanunun ifasında cərimə zərbəsi təhlükəli alınsa da, top qapının bir qədər üstündən keçdi. Ümumiyyətlə, oyun ərzində “Şamaxı”nın futbolçuları uzaq məsafələrdən zərbələrə daha çox üstünlük verirdilər. Görünür, baş məşqçi Ayxan Abbasovun yetirmələrindən tələbi belə olub.

21-ci dəqiqədə Rüfət Abbasov cərimə meydançası daxilində topu qəbul etdikdən sonra çevik davrana bilsəydi, meydan sahibləri hesabı açacaqdılar.

“Zirə”nin rəqib qapıçı istiqamətində ilk zərbəsi 26-cı dəqiqəyə təsadüf etdi. Gürcüstanlı yarımmüdafiəçi Georgi Papunaşvilinin zərbəsi qüvvətli alınsa da, qeyri-dəqiq oldu. Gürcü futbolçu bir qədər sonra da diqqət mərkəzinə düşsə də, rəqib qapıçıdan qayıdan topu tora qovuşdura bilmədi.

38-ci dəqiqədə hesab açıldı. Rüfət Abbasovun uzun ötürməsindən sonra “Zirə”nin müdafiəçisi Elçin Əlicanov topu başla yaxşı uzaqlaşdıra bilmədi. Nəticədə top Brahim Konatenin önünə düşdü, o isə şansı qaçırmayaraq adını tabloya yazdırdı.

Bu qol sanki “Zirə”ni ayıltdı. Rəşad Sadıqovun komandası ilk hissənin qalan dəqiqələrini hücumda keçirdi və bunun xeyrini gördü. İlk hissəyə əlavə olunmuş dəqiqədə Qismət Alıyevin cərimə zərbəsindən hava ötürməsini Ruan Renato dəqiq baş zərbəsi ilə qola çevirdi. Bu qol “Şamaxı” üçün “soyuq duş” oldu.

Ruhdan düşən meydan sahibləri fasilədə də özlərinə gələ bilmədilər. Belə ki, ikinci hissə start götürəndən az sonra “Zirə” ikinci qolu rəqib qapısından keçirdi. Yeni transfer Veremeyevin kobud səhvindən sonra topu ələ keçirən Salifu Suma sürətlə rəqib qapısına doğru irəlilədi və yekunda sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı.

“Şamaxı” oyunun sonlarında hesabı bərabərləşdirmək üçün yaxşı imkan əldə etdi. Qismət Alıyevin qapıçıya ötürməsi zamanı topu ələ keçirən Belajdi Pusi komanda yoldaşlarına ötürmə vermək əvəzinə qapını nişan almaq istədi, ancaq “çərçivəyə” düşə bilmədi. Növbəti epizodda Leroy Mikelsin uzaq məsafədən zərbəsini Aydın Bayramov dəf etdi. Son saniyələrdə isə “Şamaxı”nın digər futbolçusu Arsen Ağcabəyov boş qapını dəqiq nişan ala bilmədi.

Nəticədə “Şamaxı” yenə yaxşı və əzmkar oyun göstərməsinə rəğmən, meydanı xalsız tərk etdi. “Zirə” isə səfərdə vacib qələbə qazanaraq, 3-cü pillədəki mövqeyini qorudu.

“Səbail” sonuncu pilləni “Kəpəz”ə təhvil verdi

Turun ən maraqla gözlənilən matçlarından biri Bayılda keçirildi. Autsayderlər – “Səbail” və “Kəpəz”in qarşıdurmasından kimin qalib çıxacağı maraq doğururdu. Hər iki tərəfin ötən turda inamlı qələbə qazanması oyunun qarşılıqlı hücumlar şəraitində keçəcəyini düşünməyə əsas verirdi.

Keçən turu qalibiyyətlə başa vuran “Səbail”in baş məşqçisi Cavid Hüseynov yenə qapı xəttində Əlirza Müştəbazadəyə şans vermişdi. Bu o deməkdir ki, “dənizçilər”in bundan sonra əsas qolkiperi kobud səhvlər etmədiyi müddətdə məhz Əlirza olacaq.

“Səbail” oyuna fəal başladı. Meydan sahibləri artıq 1-ci dəqiqədə hesabı aça bilərdilər. Lakin Madi Quetanın yaxın məsafədən fərqlənməsinə “Kəpəz”in qapıçısı Rojerio Santos və qapı tiri imkan vermədi. “Səbail” və Queta cəmi 10 dəqiqə sonra istəyinə çatdı. Yeni transfer İnnosent Nşutinin ötürməsindən sonra Madi sol ayağı ilə qapını dəqiq nişan aldı.

Qoldan sonra dərhal irəli atılan “Kəpəz” ilk həmləsindəcə hesabı bərabərləşdirməyə yaxın oldu. Lakin Luis Paçunun yaxın məsafədən zərbəsinin qarşısını “Səbail”in qolkiperi Müştəbazadə ayağı ilə kəsdi. Qalan dəqiqələrdə hər iki komandanın ifasında təhlükəli hücumlar olsa da, ilk hissə “Səbail”in minimalhesablı üstünlüyü ilə başa çatdı.

Qonaqlar ikinci hissəyə əvəzetmə ilə başladılar. “Kəpəz”in çalışdırıcısı Azər Bağırov Nicat Süleymanovun yerinə Camal Cəfərovu meydana buraxdı. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. “Kəpəz” məğlub durumda olduğundan daha böyük qüvvə ilə irəli atılmağa başladı. Gəncəlilərin yaratdıqları təhlükəli hücumlar zamanı “Səbail”in qapıçısı səhvsiz oynadı və bir neçə epizodda komandasını qoldan xilas etdi.

Qonaqların hücuma aludə olması “Səbail”ə yaxşı əks-hücumlar qurmaq imkanı verirdi. Paytaxt klubu bu zaman Quetanın sürəti hesabına rəqib qapısı önündə təhlükəli anlar yaratsa da, Madinin komanda yoldaşları əllərinə düşən fürsətləri qola çevirə bilmədilər.

Bununla belə, “Səbail” hesabdakı üstünlüyünü sonadək qorumağı bacardı və autsayderlərin duelindən qələbə ilə ayrılan tərəf oldu. Ardıcıl 2-ci qalibiyyət Cavid Hüseynovun komandasına turnir cədvəlində sonuncu pillədən qurtulmaq və “Kəpəz”i qabaqlamaq imkanı verdi.

“Sabah”ın 2 xal itirdiyi oyun

Ötən tur “Neftçi” ilə heç-heçə (1:1) edən “Sabah” keçən tur “Səbail”ə uduzmuş (0:2) “Sumqayıt”ı qəbul etdi. Turnir cədvəlində qonşu olan komandaların mübarizəsində qol səsi çıxmadı. Halbuki artıq 17-ci dəqiqədə meydan sahibləri hesabı açmaya yaxın oldular. Ancaq Sekidikanın zərbəsindən sonra qapı dirəyi “Sumqayıt”ı qoldan xilas etdi.

Sekidika az sonra yenidən diqqət mərkəzinə düşdü. O, rəqibin cərimə meydançasına daxil olub uzaq küncə zərbə endirsə də, bu dəfə qapı tiri qonaqların köməyinə çatdı. Ümumiyyətlə, ilk hissə bütünlüklə “Sabah”ın üstünlüyü şəraitində keçdi. “Bayquşlar” fərqlənmək üçün başqa imkanlar da əldə etdilər, lakin “Sumqayıt”ın qapısına yol tapmaq heç cür mümkün olmadı.

“Sabah” ikinci hissədə də, xüsusən, oyunun sonlarında qol vurmağa yaxın olsa da, yenə ələ düşən fürsətlər sağa-sola xərcləndi. Belə olan halda, hakimin final fiti qolsuz heç-heçəni rəsmiləşdirdi. “Sabah” bu görüşdə 2 xal itirən, “Sumqayıt” isə 1 xal qazanan tərəf oldu.

Abasovun fasilədəki 4 əvəzetməsi də “Neftçi”ni xilas etmədi

Son vaxtlar “relsdən çıxan” “Araz-Naxçıvan” bu tur “Neftçi”ni qəbul etdi. Hər iki tərəfə qələbə lazım idi. “Neftçi”nin yeni transferi Elvin Camalov start heyətdə meydana çıxmışdı.

Matçda ilk qol 29-cu dəqiqədə vuruldu. Kornerdən sonra Vanderson Melo önünə düşən topu qapıdan keçirərək, “Araz-Naxçıvan”ı hesabda önə çıxartdı. Meydan sahibləri fasiləyədək bir neçə dəfə hesab arasındakı fərqi artırmaq imkanı qazandılar. Ancaq Ramon Maçado və Mustafa Əhmədzadə əllərinə düşən şansdan faydalana bilmədilər. Nəticədə komandalar fasiləyə “Araz-Naxçıvan” minimalhesablı üstünlüyü ilə yollandılar.

İlk hissədə “Neftçi” heç nə ilə yadda qalmadı. Elə bu səbəbdən “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov fasilədə birdən-birə 4 dəyişikliyə əl atdı. O, Emil Səfərov, Murad Məmmədov, Mustafa Sek və Yeqor Boqomolskinin əvəzinə müvafiq olaraq Filip Ozobiç, Alfa Konte, Azər Salahlı və Ağadadaş Salyanskini meydana buraxdı.

Lakin bu dəyişikliklər də oyunun axarını dəyişmədi. Əksinə, 64-cü dəqiqədə “Araz-Naxçıvan” ikinci dəfə qonaqları mərkəzə dəvət etdi. Braziliyalı forvard Ramon Maçado cərimə meydançası daxilindən sol ayağı ilə uzaq küncü dəqiq nişan alaraq, sabiq komandasını cəzalandırdı.

“Neftçi” az sonra hesab arasındakı fərqi azalda bildi. Emin Mahmudovun ötürməsindən sonra Filip Ozobiç dəqiq zərbə ilə toru silkələdi. Ancaq “ağ-qaralar”ın bundan artığına gücü çatmadı. Nəticədə hakimin final fiti “Araz-Naxçıvan”ın qələbəsini rəsmiləşdirdi. “Neftçi” bu cür davam edəcəyi təqdirdə, 7-ci pillədən də aşağı düşəcək.

“Qarabağ” üçün “soyuq duş”

Tura “Qarabağ” – “Turan Tovuz” matçı ilə yekun vuruldu. Liderin ötən tur Qərb derbisində “Kəpəz”ə böyük hesabla (2:5) uduzan tovuzlulara asanlıqla qalib gələcəyi gözlənilsə də, ehtimallar özünü doğrultmadı.

Diqqətçəkən məqamlar sırasında Ağdam klubunun düşərgəsinə qayıdan Yassin Benzianın əsas heyətdə yer alması və “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin ötən turdakı ağır məğlubiyyətdən sonra qapıda İvan Konovalova deyil, Sergey Samoka şans verməsi idi.

Görüş erkən qolla başladı. “Qarabağ”a hesabı açmaq üçün 7 dəqiqə bəs etdi. Yassin Benzia və Marko Veşoviçin iştirakı ilə qurulan hücumu Musa Qurbanlı dəqiq zərbə ilə tamamladı. Meydan sahiblərinin fasiləyədək daha bir neçə təhlükəli hücumu olsa da, Qurban Qurbanovun yetirmələri növbəti qolları vura bilmədilər. “Turan Tovuz”un ilk hissədəki tək real qol epizodunda isə Aleks Souzanın zərbəsinin qarşısını qapı dirəyi kəsdi.

65-ci dəqiqədə qonaqların çalışdırıcısı Kurban Berdıyev yeni transfer Joarlem Santosun əvəzinə Otto Conu meydana buraxdı. Bu dəyişiklik “Turan Tovuz” üçün düşərli oldu. Con matça fəal qoşuldu və rəqibin müdafiəçiləri və qapıçısına həyəcanlı anlar yaşatmağı bacardı.

Məğlubiyyətdən xilas olmaq istəyən qonaqlar 90 dəqiqənin tamanında hesabı bərabərləşdirməyi bacardılar. Həftəiçi Avropa Liqasında FCSB ilə oyunda kornerdən 3 qol buraxan “Qarabağ” yenə “ənənəsinə sadiq qaldı”. Rəhim Sadıxovun hava ötürməsindən sonra meydan sahiblərinin qapıçısı Şahrudin Məhəmmədəliyev çıxışda səhv yol verdi və “Turan Tovuz”un yeni transferi Kauan Martins bundan yararlanaraq topu qapıdan keçirdi.

Bu qol “Qarabağ”ı ruhdan saldı. Bundan istifadə edən tovuzlular matça əlavə olunmuş sonuncu dəqiqədə qələbə qolunu vurmağa da müvəffəq oldular. Mateus Silvanın uzaqlaşdıra bilmədiyi topu Otto Con ələ keçirdi və qüvvətli zərbə ilə Şahrudini topu qapıdan çıxartmağa məcbur etdi. Beləliklə, “Turan Tovuz” səfərdə çox dəyərli qələbə qazanaraq, 3-cü pillədəki “Zirə”nin ondan uzaqlaşmasına imkan vermədi. “Qarabağ” isə Misli Premyer Liqasının cari mövsümündə ikinci məğlubiyyətini almış oldu. Yeri gəlmişkən, ağdamlılar bu sezon ilk yenilgiyə də məhz “Turan Tovuz”la görüşdə uğramışdılar.

ABBAS

Shares: