“Qarabağ”ın sabiq hücumçusu Samir Musayevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində FCSB klubuna uduzduğu (2:3) oyun haqda nə deyə bilərsiniz? Matç ərzində 2 dəfə hesabda önə keçsək də, yekunda məğlubiyyətlə üzləşməyimizin səbəbini nə oldu?

– Məncə, komanda pis oynamadı. Bəxtimizin gətirmədiyini deyə bilərəm. Çünki iki dəfə hesabda önə çıxdıq, amma yekunda məğlub olduq. Futbolda belə hallar olur, bundan sonra da olacaq. Rəqibin üstün tərəfi standart vəziyyətlərdən istifadə etməyi idi, ondan da yaxşı yararlandılar. İndi hansısa futbolçunu günahlandırmaq düzgün deyil. Biz rəqibə standart vəziyyətlərdə məğlub olduq. Oyun baxımından isə rumınlardan çox üstün idik. Bir də onu deyim ki, təcrübəli futbolçuların yeri görünürdü.

– Niyə künc zərbələri zamanı rəqib futbolçuları diqqətdən kənarda qoyurduq?

– Dediyim kimi, biz standart vəziyyətlərdə rəqibə məğlub olduq. Kiçik individual səhvlərimizdən rəqib istifadə etdi. Görünən o idi, FSCB standart vəziyyətlərə daha yaxşı hazırlaşmışdı.

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki çıxışı ümumilikdə uğursuz alındı. Sizə görə, bunun başlıca səbəbləri hansılardır?

– Məncə, “Qarabağ”ın Avroliqada çıxışı uğursuz alınmadı. Biz “Qarabağ”ın Azərbaycan çempionatında iştirak etdikdən sonra Avropada uğur qazanmasını istəyirik. Bu məqam bir az düşündürücüdür.

– Təmsilçimiz Liqa mərhələsində sonuncu oyununu səfərdə “Olimpiakos”a qarşı keçirəcək. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz? “Qarabağ” Liqa mərhələsinin qapısını möhkəm çırpa biləcək?

– Bilirik ki, “Qarabağ” həmişə səfərdə yaxşı çıxış edir. Bu görüşdə də komandamız yaxşı oyun nümayiş etdirəcək. Biz çox şey istəyirik, səbirli deyilik. Gəlin görək, hazırkı çempionatımızın sürəti “Qarabağ”ın avrokuboklarda daha uğurlu çıxış etməsi üçün imkan verirmi?! Komandaların səviyyəsi buna imkan verirmi?! Hər bir komandamıza hörmətim var. Amma çempionatımızın sürəti, dinamikası, bir sözlə, səviyyəsi qalxmasa, təkcə “Qarabağ” yox, heç bir klubumuz avrokuboklarda bundan uğurlu çıxış edə bilməyəcək.

– “Qarabağ” Juninyonun yerini doldura biləcək?

– Fikrimcə, doldura biləcək. Bəli, Juninyo “Qarabağ” üçün çox yaxşı hücumçu idi. Ancaq əvəzolunmaz futbolçu yoxdur. İnşallah, Musa Qurbanlı və Nəriman Axundzadə Juninyodan da yaxşı oyun nümayiş etdirəcəklər.

– İndiki halda “Qarabağ”ın başqa hansı mövqelərində yeni futbolçuya ehtiyac olduğunu düşünürsünüz?

– Hansı mövqeyə futbolçu lazım olduğunu komandanın baş məşqçi Qurban Qurbanov daha yaxşı bilir. Şəxsi fikrim isə budur ki, yaxşı qapıçıya ehtiyac var.

FƏRİD

Shares: