“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının 20-ci turunda “Neftçi” üzərində əldə etdiyiniz qələbədən (2:1) başlayaq. Sizcə, qalibiyyətdə nə həlledici rol oynadı?

– Bütün oyunlar bizim üçün vacibdir. Həftə ərzində keçirəcəyimiz növbəti matça hazırlaşırıq ki, lazımi nəticəni qazanaq. “Neftçi” ilə görüşdə istək və əzmkarlıq, bir də həftə ərzində çalışdıqlarımızı meydanda tətbiq edə bilməyimiz mühüm rol oynadı.

– Bunadək son 3 matçda “Araz-Naxçıvan” məğlubiyyətlə üzləşmişdi. Bu məqam komandanın üzərində əlavə basqı yaradırdı, ya əksinə futbolçuların “Neftçi” ilə matçöncəsi motivasiyasını daha da artırmışdı?

– Futbolda udmaq kimi, uduzmaq və ya heç-heçə etmək də var. Bəzən yaxşı oynayırsan, amma lazım olan nəticəni qazana bilmirsən. Bəzən isə əksinə, rəqib səndən üstün oynasa da, 3 xalı sən qazanırsan. Məğlub olduğumuz matçların heç birində oyun planında rəqibdən zəif çıxış etməmişik. Təzyiq məsələsinə gəlincə, nə mən, nə də futbolçularım hansısa təzyiq hiss edirdik. Düzdür, bizim “qara zolağa” düşdüyümüz yazılırdı. Sadəcə, həmin oyunlarda nəticə baxımından axsadıq.

– Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Səfərdən qələbə ilə qayıda biləcəksiniz?

– “Sumqayıt” yaxşı rəqibdir. Futbol isə proqnozu sevmir. Vacib olan məşqdə üzərində çalışdığımız elementləri meydanda tətbiq etməkdir. Məşqçilərin istədiyini futbolçular ona qaytara biləndə nəticə də yaxşı olur. Bizim üçün hər oyun vacibdir və meydana maksimum nəticə üçün çıxırıq.

– Komandanızın 20 tur ərzindəki ümumi çıxışını necə dəyərləndirərdiniz? Bu fikirlə razısızmı ki, 42 xal toplayan “Araz-Naxçıvan” hazırkı məqamda ola biləcəyi ən yaxşı pillədədir? Yoxsa bundan da yaxşı nəticə göstərə bilərdiniz?

– Komandanın potensialı var. Bu gün potensialımızdan tam istifadə edə bilmirik. Müəyyən məqamlarda axsamalar olur. Əlbəttə, “Qarabağ” liderdir, onların geniş və keyfiyyətli heyəti var. Necə olacağını may ayında biləcəyik. Ancaq indidən mövsümün sonunu düşünmürük, həftəsonu keçirəcəyimiz oyuna konsentrasiya olacağıq.

– Çempionatın qalan 16 turunda hədəfiniz nə olacaq: 2-ci pillədəki mövqeyinizi qorumaq, yoxsa komandanın boyundan bir qədər də yuxarı tullanaraq “Qarabağ”la çempionluq mübarizəsi aparması?

– Hədəfimiz, məqsədimiz məlumdur: addım-addım uğur qazanmaq. Yəni hər həftə keçirəcəyimiz oyuna yaxşı hazırlaşmaq və qələbə qazanmaq. Turnir cədvəlinə isə mövsümün sonunda baxacağıq.

– Qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq. Onadək komandaya yeni futbolçu və ya futbolçuların cəlb olunması mümkündür? Ümumiyyətlə, hansı mövqedə rəqabəti daha da artırmaq istərdiniz?

– Axtarışlarımız davam edir. Qışda keyfiyyətli futbolçu tapmaq çətindir. Bizə kömək edəcək gücdə futbolçu tapsaq və bəyənsək, yəqin ki, transfer edəcəyik. Hücum xəttini gücləndirmək istəyirik.

FƏRİD

Shares: