Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev keçmiş komanda yoldaşı Vasili Berezutskinin Çinin “Şanxay Şenxua” klubundan ayrılaraq “Sabah”ın baş məşqçi postuna gəlməsini ironik şəkildə tənqid edib.
Futbolinfo.az xəbər verir ki, TNT kanalında yayımlanan verilişin qonağı olan Akinfeyev uzun illər Moskva ÇSKA-sında və Rusiya millisində çiyin-çiyinə çıxış etdiyi Berezutskini məsuliyyətsiz adlandırıb.
O, “Sabah”ın çalışdırıcısının qardaşı Aleksey Berezutski barədə daha müsbət fikirdə olduğunu bildirib: “Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir. Vasya küləkdir. O, bu yaxınlarda müsahibəsi zamanı Çinin necə gözəl ölkə olduğunu dedi və iki gün sonra Azərbaycanda bir klubun baş məşqçisi təyin edildi”.
Qeyd edək ki, Vasili Berezutski ötən ilin sonlarında “Sabah”la 2,5 illik müqavilə imzalayıb.
