“Qarabağ” bu mövsüm avrokuboklarda ümidləri doğrultmadı. Komandamız Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna məğlub olub Avropa Liqasının həlledici mərhələsində oynamaq imkanı qazansa da, 36 komanda arasında “24-lüy”ə düşə bilmədi. Halbuki ümidlərimiz böyük idi.
Ötən mövsüm “Braqa”nı mübarizədən kənarlaşdırıb Avropa Liqasında tarixində ilk dəfə 1/8 finala çıxmaqla iştahımızı artırmışdıq. Heyət də qorununca, artıq qılıncımızın nəinki qabağının, hətta arxasıənın da kəsəcəyini düşünürdük. Amma, lakin, ancaq…
Komandamız keçirdiyi 7 oyunun 6-da məğlub olmaqla son tur ərəfəsində bütün şanslarını itirdi. 2 il əvvəl səfərdə məğlub etdiyimiz “Olimpiakos”la oyun artıq formal xarakter daşıyacaq. “Olimpiakos” üçün də bu oyunda xal itirmək faciə sayılmayacaq. 12-ci sırada qərarlaşan pireylilər 25-ci yeri tutan “Portu”dan 4 xal öndədirlər. Ən pis halda, 24-cü yerə enəcəklər ki, bu da mübarizənin davam etdirilməsi demək olacaq.
Amma bu komanda bir qələbə ilə “8-liyə” düşüb 1/8 finala vəsiqə qazanacaq. Hə, bir də “Qarabağ”la ayrıca hesablaşmaq məqsədi güdəcəklər ki, bu da oyunun rəqabət dozasını artıracaq. Təbii ki, “köhlən atlar” da 36 komanda arasında sonuncu yeri tutmamaq üçün dəridən-qabıqdan çıxacaq. Çünki 35-ci yerdə qərarlaşan “Nitsa” “Bodo Qlimt”i, 36-cı yeri tutan Kiyev “Dinamo”su RFŞ-i qəbul edəcək. Hər iki komandanın qələbə qazanmaq şansı yüksəkdir. Ona görə də Qurban Qurbanov bu oyunda komandasını necə lazımdırsa, qələbəyə kökləməlidir.
Əsas mərhələdə keçirdiyi 7 oyundan yalnız 1-də məğlub olan Xose Luis Mendelibarın komandası yalnız ilk turda Lionda “Olimpik”lə görüşdə uğursuzluqla üzləşib. Ondan sonra keçirdiyi 6 matçda 3 qələbə və 3 heç-heçə ilə yadda qalıblar. Amma Yunanıstanda yalnız “Braqa”ya 3:0 hesabı ilə qalib gəliblər. Digər iki qələbə səfər matçlarına təsadüf edir ki, bunlardan biri “Malmö” (1:0), digəri isə “Portu”yla (1:0) matçda reallaşıb. Heç-heçələrə gəlincə, doğma meydanda “Reyncers” (1:1) və “Tvente”nin (0:0) müqavimətini qıra bilməyiblər. Yeganə səfər heç-heçəsi FCSB ilə görüşdə qeydə alınıb – 0:0.
Gördüyünüz kimi, qarşımıza “daş” kimi möhkəm komanda çıxacaq. Bəli, “Olimpiakos” 3 topla turnirin ən az qol buraxan komandasıdır. Bu göstəricidə ikinci yerdə turnir cədvəlinin lideri “Latsio” qərarlaşıb – romalılar qapısında 4 top görüb. “Olimpiakos” yalnız hücumda bir qədər zəif təsir bağışlayır. Təsəvvür edin ki, “Qarabağ” qədər qol vurublar – 6 top. Hətta 32-ci yerdə qərarlaşan və bütün şanslarını itirən “Malmö” belə 8 topla onlardan öndədir.
İlk baxışdan qədim Ellada diyarında bizi qısır bir oyun gözləyə bilər. Amma “Qarabağ”ın müdafiə xəttinin bərbad olduğunu nəzərə alsaq, yunanların əl-qolunun açılacağını düşünmək olar. Hər halda, qapılarında 17 qol görən komandaya qarşı oynayacaqlar.
O ki qaldı hazırkı komandanın “kimyasına”, burada katalizator rolunu baş məşqçi Xose Luis Mendelibar oynayır. 2023-cü ildə “Sevilya”ya Avropa Liqasını qazandıran, ötən il isə “Olimpiakos”u Konfrans Liqasının qalibi edən 63 yaşlı mütəxəssis ənənəni bu mövsüm də davam etdirmək istəyir. Məhz onun yaratdığı komanda ruhu sayəsində “Olimpiakos” avrokuboklarda heç bir güclü rəqib qarşısında aciz qalmır. Ötən mövsüm Konfrans Liqasının yarımfinalında “Aston Villa”nı, finalda isə “Fiorentina”nı diz çökdürdülər. Ona görə də açarları etibarlı adamın əlindədir.
Həmişə adlı-sanlı legioneri bol olan bu komanda yenə də qanadlarının altında bir neçə tanınmış futbolçuya sığınacaq verir. Elə “Portu” və “Qalatasaray”dan tanıdığımız Serxio Oliveyra,Türkiyə milisinin üzvü Yusuf Yazıcı və Ukrayna yığmasının liderlərindən olan Roman Yaremçukun adını çəkmək kifayətdir. “Atletik”dən tanıdığımız Dani Qarsiya da buradadır.
İspaniyalı mütəxəssis əsasən 4-2-3-1 taktiki sxeminə üstünlük verir. Qapıda Konstantinos Tsolakis qərarlaşıb ki, 2 il əvvəl də “Qarabağ”ın qarşısına məhz o çıxmışdı. Müdafiənin sol cinahında 2 il əvvəl Argentinanın “Veles Sarsfild” klubundan transfer etdikləri 25 yaşlı Fransisko Orteqa qərarlaşıbsa, sağda “Flamenqo”da tanınan 32 yaşlı braziliyalı Rodinei yer alıb. Hər iki cinah oyunçusu işgüzarlığı ilə seçilir. Xüsusən də Rodineidən çəkinmək lazımdır, çünki vuran ayağı da var. Müdafiənin mərkəzində isə əsas güc 26 yaşlı Panayotis Retsosa düşür. Almaniyada “Bayer”, İtaliyada “Verona” klubunun şərəfini qorumuş 186 sm boya malik oyunçu təkbətək mübarizələrdə və hava toplarında pis təsir bağışlamır. Onun yanına Mendelibar bəzən “Salernitana”dan transfer etdikləri 22 yaşlı “İnter” yetirməsi Lorentso Pirolanı, bəzən isə “Portu” və “Braqa”da oynamış 25 yaşlı anqolalı David Karmonu oynadır.
Dayaq yarımmüdafiəçi funskiyasını isə əsasən 23 yaşlı argentinalı Santyaqo Esse ilə 18 yaşlı Kristos Muzakitis yerinə yetirir. Çox enerjilidirlər, hər top uğrunda mübarizə aparırlar. Qol vurmaqla araları olmasa da, döyüşkəndirlər. Oyun boyu rəqibə təzyiq göstərməyi bacarırlar, yorulmurlar, “Qarabağ”a da başağrısı olacaqlar.
Ön xəttdə Mendelibarın seçim imkanları genişdir. Hücumun sivri ucunda Mərakeş millisinin hücumçusu Əyyub Əl-Kaabi qərarlaşıb. Əla fiziki göstəriciləri olan 31 yaşlı hücumçu pireylilərin qol maşınıdır. Onu əsasən topla 31 yaşlı kapitan Georgios Masuras, 17 yaşlı Xaralambus Kostulas və 29 yaşlı portuqaliyalı Çikinyo təmin edir. “Atletiko” və “Monako”dan tanıdığımız 29 yaşlı Gelson Martins də şans qazandığı zaman yükü öz üzərinə çəkir. Yusuf Yazıcı isə zədəli olduğu üçün komandaya bu mövsüm demək olar ki, kömək edə bilməyib.
Bir sözlə, “Qarabağ” rəqibin hücumlarını zərərsizləşdirmək üçün xeyli əziyyət çəkməlidir. Nə qədər “Olimpiakos” tempi yüksək tutan komanda olmasa da, səhvləri bağışlamır. “Qarabağ”da da müdafiədə boşluqlar yetərincədir. Qapını çırpmaqdan öncə “Olimpiakos”u “çırpmaq ümidi ilə, bu mövsümlük bu qədər…
Azərbaycan və Yunanıstan klubları arasında rəqabət:
19.07.2012. Bakı, Azərbaycan. UEFA AL. İnter Bakı – Asteras Tripolis 1:1
26.07.2012. Tripolis, Yunanıstan. UEFA. AL Asteras Tripolis – İnter Bakı 1:1 pen. 4:2
20.08.2015. Bakı, Azərbaycan. UEFA AL. Qəbələ – Panatinaykos 0:0
27.08.2015. Afina, Yunanıstan. UEFA AL. Panatinaikos – Qəbələ 2:2
17.09.2015. Bakı, Azərbaycan. UEFA AL. Qəbələ – PAOK 0:0
26.11.2015. Saloniki, Yunanıstan. UEFA AL. PAOK – Qəbələ 0:0
20.10.2016. Bakı, Azərbaycan. UEFA AL. Qarabağ – PAOK 2:0
03.11.2016. Saloniki, Yunanıstan. UEFA AL. PAOK – Qarabağ 0:1
27.07.2017. Afina, Yunanıstan. UEFA AL. Panatinaikos – Qəbələ 1:0
03.08.2017. Bakı, Azərbaycan. UEFA AL. Qəbələ – Panatinaykos 1:2
21.07.2021. Pirey, Yunanıstan. UEFA ÇL. Olimpikos – Neftçi 1:0
28.07.2021. Bakı, Azərbaycan. UEFA ÇL. Neftçi – Olimpiakos 0:1
06.10.2022. Pirey, Yunanıstan. UEFA AL. Olimpiakos – Qarabağ 0:3
13.10.2022. Bakı, Azərbaycan. UEFA AL. Qarabağ – Olimpiakos 0:0
ABBAS