“Turan Tovuz” ötən mövsümün sonunda baş məşqçisi Ayxan Abbasovla yolları ayıranda əksəriyyət klub rəhbərliyini bu addımına görə qınamışdı. Lakin az sonra Abbasovun yerinə kimin gətirildiyini biləndə hər kəs yaxşı mənada təəccüblənmişdi. “Turan Tovuz”un tanınmış mütəxəssis Kurban Berdıyevlə müqavilə imzalaması xəbəri böyük rezonans doğurmuşdu.
Təbii ki, Berdıyevə qədər də Azərbaycana xeyli məşhur əcnəbi məşqçi gəlib. Hətta sabiqlərin arasında türkmənistanlı çalışdırıcıdan daha çox tanınanlara da rast gəlmişik. Heç də ulduzların hamısı ölkəmizdə adından söz etdirə bilməyib. Bu mənada Berdıyevin də Azərbaycanda sözünü deyə bilib-bilməyəcəyi maraqla gözlənirdi.
72 yaşlı mütəxəssisin “Turan Tovuz”da işi hələ pis getmir. Tovuzlular ölkə kuboku ilə vidalaşsalar da, Misli Premyer Liqasında hazırda 4-cü pillədə qərarlaşıblar və 3-cü yerdən 1, 2-ci yerdən isə 7 xal geridədirlər. Berdıyevin rəhbərliyi altında Qərb təmsilçisinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub. Bu missiyanın öhdəsindən gələ bilsə, Azərbaycandakı ilk mövsümünü tam uğurlu keçirdiyini söyləyə biləcəyik.
Berdıyevlə bağlı əsas diqqətçəkən məqam onun gəlişindən bəri hazırda Azərbaycanın ən güclü məşqçisi sayılan adaşı Qurban Qurbanova uduzmamasıdır. Bəs “Turan Tovuz”un “sükanı arxasında” digər həmkarları ilə duellərdə üstünlük kimin tərəfindədir? Berdıyevin Azərbaycanda qalib gəlmək bir yana, hətta xal ala bilmədiyi mütəxəssis kimdir? Bu yazıda təcrübəli məşqçinin ölkəmizdəki 6 aylıq fəaliyyətinə nəzər salacağıq.
Azərbaycanda indiyədək 20 çempionat və 2 kubok görüşündə iş başında olan Berdıyev üçün ən böyük çətinliyi Qurban Qurbanovun yaşadacağı ehtimal olunsa da, statistika heç də bunu əks etdirmir. Buvaxtadək 3 dəfə qarşılaşan adaşların mübarizəsində Berdıyev hələ məğlubiyyət üzü görməyib. Belə ki, 2 dəfə Qurbanova qalib gələn (1:0, 2:1), özü də bunlara səfər matçlarında nail olan Berdıyev digər matçda heç-heçə (0:0) edib. Bu isə o deməkdir ki, Berdıyevin yetirmələri Qurbanovun komandasından 3 oyunda 7 xal qoparıblar. Əla göstəricidir!
Kurban Berdiyevin “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovla qarşılaşmalarına nəzər salaq. Tərəflər buvaxtadək 2 dəfə üz-üzə gəliblər və bunlardan birində Berdıyev qələbə qazanıb (1:0), digərində isə heç-heçə qeydə alınıb (0:0). Ümumilikdə Berdıyev Sadıqovdan 4 xal götürüb.
“Turan Tovuz”un çalışdırıcısı komandanın sabiq baş məşqçisi, hazırda “Şamaxı”da yaxşı işlər görməyə çalışan Ayxan Abbasovla da buvaxtadək 2 dəfə üz-üzə gəlib. Şamaxıda baş tutan görüşdə heç-heçə (2:2) qeydə alınıb, Tovuzdakı matçdakı isə Berdıyev çətin də olsa, həmkarına qalib gəlməyi (3:2) bacarıb. Beləliklə, türkmənistanlı mütəxəssis Sadıqov kimi, Abbasovdan da 4 xal alıb.
Berdıyevin Azərbaycanda kabusuna çevrilən qorxulu rəqibi də var! Sevindirici haldır ki, həmin mütəxəssis azərbaycanlıdır. Söhbət “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevdən gedir. 44 yaşlı mütəxəssis təcrübəli həmkarının “gözünü qıra” bilib. Həm birinci dövrədə (2:1), həm də ikinci dövrədə (1:0) Berdıyevi üstələyən Baxşıyev türkmən mütəxəssisdən 2 oyunda maksimum xal (!) almağı bacarıb.
Berdıyevin Qərb derbisindəki statistikası da maraq doğurmaya bilməz. Buvaxtadək 3 dəfə “Kəpəz”lə üz-üzə gələn mütəxəssis rəqibin “sükanı arxasında” iki fərqli məşqçi ilə qarşılaşıb. Gəncə təmsilçisinin sabiq çalışdırıcısı Adil Şükürovla duel Berdıyevin 3:0 hesablı qələbəsi ilə nəticələnib. “Kəpəz”in hazırkı baş məşqçisi Azər Bağırovla ilk görüş də qocaman mütəxəssisin qalibiyyəti (2:1) ilə başa çatıb. Ancaq bu məşqçilərin 3-cü dövrənin ilk turuna təsadüf edən növbəti qarşıdurmasında Bağırov təcrübəli həmkarı üzərində böyükhesablı (5:2) qələbəyə sevinib. Beləliklə, Kurban Berdıyev Misli Premyer Liqasındakı 3 məğlubiyyətin ikisini Elmar Baxşıyevdən, birini isə Azər Bağırovdan alıb.
Təcrübəli çalışdırıcı iki fərqli məşqçinin “Neftçi”si ilə üz-üzə gəlib və hər iki oyundan 1 xalla ayrılıb. 1-ci tura təsadüf edən matçda Bakıda Roman Qriqorçukun komandası ilə qolsuz heç-heçə edən Berdıyevin “Turan Tovuz”u 18-ci turda Samir Abasovun “Neftçi”si ilə də sülh bağlayıb – 1:1.
Ancaq Berdıyevin üstələdiyi məşqçilər sırasında Abasovun da adı var. Bu, Samir Abasovun “Sumqayıt”ı çalışdırdığı dönəmə təsadüf edib. Həmin görüşdə Berdıyevin komandası 1:0 hesablı qələbəyə sevinib. “Rubin”in sabiq çalışdırıcısı “Sumqayıt”la ikinci qarşılaşmasında isə Vaqif Cavadovdan üstün olub (4:2).
Berdıyev “Səbail”də də iki məşqçini sınağa çəkib. Şahin Diniyevlə dueldə 1:0 hesablı qələbə əldə edən mütəxəssis “dənizçilər”lə ikinci görüşündə müvəqqəti baş məşqçi Elvin Məmmədovla xalları yarı bölüb – 1:1.
72 yaşlı çalışdırıcı “Sabah”ın “sükanı arxasında” da iki məşqçi görüb. O, çempionatdakı hər iki sınaqda “bayquşlar”ın sabiq baş məşqçisi Krunoslav Renduliçlə üz-üzə gəlib. Həm Bakıdakı (2:2), həm də Tovuzdakı matçda (1:1) sülh qeydə alınıb. Berdıyev “Sabah”ın hazırkı çalışdırıcısı Vasili Berezutski ilə isə ölkə kubokunda qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyindən, penaltilər seriyasına ehtiyac duyulub, burada isə sevinən tərəf Berezutskinin komandası olub.
Kurban Berdıyevin Azərbaycandakı hələlik ən böyükhesablı qələbəsi isə Vüqar Nadirov üzərində olub. “Turan Tovuz” Nadirovun vaxtilə çalışdırdığı “Hypers Guba” komandasını (II Liqa)Azərbaycan Kubokunda 7:2 hesablı məğlubiyyətə uğradıb.
ABBAS