Ukrayna millisinin futbolçusu Aleksandr Svatok DÇ-2026-nın seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Azərbaycan millisinin də yer aldığı qrupun heç də asan olmadığını düşünür.
ABŞ-ın “Ostin” klubunda çıxış edən oyunçu hədəflərinin dünya çempionatına vəsiqə qazanmaq olduğunu deyib: “Çox çətin qrupa düşmüşük. Asan olacağını düşünənlər yanılır. Azərbaycan və İslandiya kollektiv oyun sərgiləməyi bacarırlar. Artıq hər kəs təşkilatlanmış şəkildə, öz planları və məqsədləri uğrunda oynamağı öyrənib. Qrup çətin olsa da, Ukrayna millisi mübarizəyə hazır olacaq. Hər bir matça böyük məsuliyyət və düzgün münasibətlə yanaşmalıyıq. Azarkeşlərimiz dünya çempionatına vəsiqə qazanmaqdan başqa heç nəyi qəbul etməyəcəklər. Ümidləri doğrultmaq və mundiala vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Millinin heyətində dünya çempionatında yer almaq həyəcanlı olar”.
Qeyd edək ki, Ukrayna millisinin qrupdakı rəqibləri Azərbaycan və İslandiya yığmaları, həmçinin UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya – Fransa cütünün qalibi olacaq.