“Kəpəz”in yeni transferi, tacikistanlı yarımmüdafiəçi Şervoni Mabatşoevin futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”ə keçidiniz necə alındı? Yeni komandanızda sizi necə qarşıladılar?

– “Kəpəz”ə keçidim qısa müddətdə reallaşdı. Ümumilikdə hər şey mənim üçün yaxşı alındı. Məni komandada çox səmimi qarşıladılar.

– “Kəpəz”ə qədər Azərbaycandan təklifləriniz olmuşdu?

– Konkret təkliflərim olmamışdı. Ancaq digər komandalardan da mənimlə maraqlananlar var idi. Onlardan fərqli, “Kəpəz” konkret təkliflə müraciət etdi və keçidim alındı.

– “Kəpəz”dəki debütünüz Misli Premyer Liqasının 20-ci turuna təsadüf etdi. Gəncə klubundakı ilk oyununuzu necə dəyərləndirərdiniz?

– Futbolçular üçün debüt matçı həmişə çətin olur. Yeni kollektivə, yeni komandaya qoşulmuşam. Düşünürəm ki, növbəti turlarda artıq komanda yoldaşlarımla bir-birimizi daha yaxşı başa düşəcəyik.

– “Səbail”lə görüş (0:1) sizin üçün böyük əhəmiyyət kəsb etsə də, bu oyunu xalsız başa vurdunuz. Autsayderlərin duelində uğurlu nəticəyə imza atmağınız üçün nə çatışmadı?

– Həqiqətən də “Səbail”lə matç bizim üçün çox vacib idi. Yaxşı nəticəyə nail olmaq üçün meydanda əlimizdən gələni etdik və çox çalışdıq. Ancaq əlimizə düşən əlverişli fürsətləri dəyərləndirə bilmədik. Bizdən fərqli, rəqib əldə etdiyi şansı qaçırmadı və qələbə qazanan tərəf oldu. Hələ qarşıda çox oyun var. Bu xal itkisini növbəti turlarda unutdurmağa çalışacağıq.

– Növbəti oyununuz “Sabah”a qarşı olacaq. Bu görüşdən gözləntiniz nədir?

– Bu matç da bizim üçün böyük əhəmiyyət kəsb edir. Meydana yaxşı nəticəyə imza atmaq üçün çıxacağıq. Yaxşı nəticə isə qələbə deməkdir. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

– Azərbaycan Premyer Liqası haqda ilkin təəssüratınız necədir?

– Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Burada ustalıq səviyyəsi yuxarı olan futbolçular çıxış edirlər. İlkin təəssüratım çox yaxşıdır. Azərbaycanda futbol inkişaf edir.

– “Kəpəz”in cari mövsümdə hədəfi Premyer Liqadakı yerini qorumaqdır. Bunu bacaracaqsınız?

– Bəli, məqsədimiz yüksək dəstədə qalmaqdır. Premyer Liqadakı yerimizi qorumaq üçün məşqlərdə dayanmadan çalışacağıq və bütün matçlarda 100 faiz gücümünüzdən istifadə edəcəyik. Yalnız bu halda qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bilərik.

AĞA

Shares: