Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür.

1925-ci il yanvarın 29-da Ağdamda anadan olan Bəhramov dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşüb. O, futbolçu karyerasına 1940-cı ildə başlayıb. Əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Tofiq Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

Azərbaycanlı ədalət təmsilçisi artıq 26 yaşında – 1951-ci ildə SSRİ çempionatının matçlarına təyinat almağa başlayıb. 14 ildən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim adını alıb.

İki il sonra Bəhramovu bütün dünya tanıyıb. O, İngiltərədə keçirilən DÇ-1966-ya dəvət olunub. Həmyerlimiz mundialın həlledici görüşünə də yan xətt hakimi kimi təyinat alıb. O, İngiltərə və Almaniya arasında “Uembli”də baş tutan əfsanəvi qarşılaşmada ədalət təmsilçilərindən olub. Bəhramov Cefri Herstin mübahisələrə səbəb olan, amma sonradan doğru olduğu təsdiqlənən qolunun qeydə alınmasında pay sahibi kimi yaddaşlarda qalıb. Bu matça qədər yalnız baş hakimlər “Qızıl fit”lə təltif olunurdusa, “Uembli”dəki tarixi qərarına görə bu mükafat istisna kimi Bəhramova da verilib. Həmin qarşılaşmadan sonra Böyük Britaniya kraliçası ona “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini təqdim edib.

Həmyerlimiz DÇ-1966-da bir oyunda baş hakim, üç matçda laysman olub. O, dörd il sonra Meksikada keçirilən mundialda da üç qarşılaşmaya təyinat alıb. Referi AVRO-1968 və AVRO-1972-nin də hakimləri sırasında yer alıb.

O, həm də avrokubokların finalına təyinat alan ilk SSRİ hakimi kimi tarixə düşüb. O, UEFA kubokunun 1972-ci ildəki “Vulverhemton” – “Tottenhem” görüşündə ədaləti qoruyub. Bəhramov 1972-ci ildə Qitələrarası kubokun “Ayaks” – “İntependyente” görüşünü də idarə edib. O, bu yarışın “Estudiantes” – “Mançester Yunayted” görüşündə isə laysman olub.

Bəhramovun Azərbaycan futbolunda xidmətləri böyük olub. 1975-ci ildə hakimliklə vidalaşan əfsanəvi referi azərbaycanlı ədalət təmsilçilərinin yetişməsinə də xidmət edib. Təsadüfi deyil ki, 1992-ci ildə yaradılan AFFA-nın Hakimlər Komitəsinin ilk sərdi də olub. Bir müddət sonra isə Bəhramov qurumun baş katibi təyin edilib.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın bir nömrəli idman qurğusu – Respublika stadionuna onun adı verilib. Arenada dünyada ilk dəfə mərhum hakimə abidə də yerləşdirilib. Bundan başqa opnun haqqında sənədli film də çəkilib.

Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Shares: