“Düşünürəm ki, Azərbaycan Premyer Liqasına qayıtsam, yaxşı olar. Artıq liqanı tanıyıram və uyğunlaşmaq çətin olmayacaq. Bəzi Azərbaycan klublarının mənimlə maraqlandığı barədə eşitmişəm, amma hələlik rəsmi heç bir şey yoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Adama Diakabi deyib.

28 yaşlı futbolçu şəxsi hədəflərindən və yenidən Azərbaycan Premyer Liqasında çıxış etmək ehtimalından bəhs edib: “Mənim çox sadə hədəflərim var. Klub üçün ən yaxşı futbolumu oynamaq, istedadımı və potensialımı göstərmək istəyirəm. Yalnız irəli baxıram və addım-addım ona doğru gedirəm. Bakını və oradakı insanları sevirəm. Fiziki və zehni olaraq özümü yaxşı hiss edirəm. Formada qalmaq üçün şəxsi məşqçimlə hazırlaşıram. Zehni sağlamlığıma və bədənimə yaxşı baxıram. Yenidən Azərbaycana qayıtmaq mənim üçün yaxşı təcrübə ola bilər. Həm insan, həm də oyunçu kimi böyümək, öz keyfiyyətlərimi və istedadımı ortaya qoymaq istəyirəm”.

Diakabi daha əvvəl Azərbaycan çempionatında “Qarabağ”ın heyətində çıxış etdiyini və həmin dövrdən gözəl xatirələr saxladığını vurğulayıb: “Düzünü desəm, “Qarabağ”da oynayarkən yaxşı vaxtlar idi. Orada gözəl xatirələrim var. Klubdakı insanlar inanılmazdır. Hələ də bəzi oyunçularla əlaqəm var. Oradan ayrıldıqdan sonra “Bandırmaspor”a getdim. Ora da mənim üçün yaxşı təcrübə oldu. Bu 6 aya görə heç bir peşmanlığım yoxdur. Orada etməli olduğum şeyi etdim və indi irəliləyirəm”.

Qeyd edək ki, Diakabi “Qarabağ” və “Bandırmaspor”la yanaşı Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib. 28 yaşlı cinah yarımmüdafiəçisi ötən yay getdiyi “Bandırmaspor”dan yanvarın 7-də ayrılıb və hazırda klubsuzdur.

GÜNAY SÜLEYMANOVA

Shares: