“Zirə” klubunun akademiyasının rəhbəri Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi

– İllərdir hər kəs uşaq futbolumuzda böyük problemlərin, çatışmazlıqların olduğunu dilə gətirir. Son vaxtlar bu sahədə ümidverici nələrsə baş verir, yoxsa daha da geriyə gedirik?

– Bəli, hamımız uşaq futbolunda böyük problemlərin olduğunu görürük. Uşaq futbolu təməl baxımından çox önəmlidir. İllərdir bu problem öz həllini tapmır. Uşaq futbolunda kütləvilik yaxşıdır. Yüzlərlə uşaq müxtəlif yaş qruplarında futbolla məşğul olurlar. Keyfiyyət baxımından isə nə hal-hazırda, nə də gələcəkdə böyük işlərdən danışmaq olmaz. Ümidverici nəsə görsənmir.

– Uşaq futbolunda ciddi irəliləyişə nail olmaq üçün hansı addımlar atılmalı və bunun üçün bizə nə qədər vaxt lazımdır?

– Ciddi addımlar iki yöndə atılmalıdır. Bunlardan birincisi infrastrukturdur. Avropa standartlarına uygun uşaq akademiyaları tikilməlidir, istedadlı uşaqlar bu akademiyalarda məskunlaşmalıdır. Onların qidalanması, təhsili, sağlamlığı, psixoloji durumu daim nəzarətdə saxlanılmalıdır. Bununla yanaşı, bu akademiyalarda çalışa biləcək məşqçilər yetişdirməliyik. Bu meyarlar hazır olandan sonra 4-5 il müddət lazım gələcək ki, biz hansısa nəticə əldə edə bilək.

– Milli komandaya və ya klublarımıza əcnəbi məşqçi gətirməkdənsə, uşaq futbolumuza Avropanın sayılıb-seçilən futbol akademiyalarında çalışmış mütəxəssisləri gətirmək daha faydalı olmaz?

– Mən həmişə milli komandalarda yerli məşqçilərin çalışmasının tərəfdarı olmuşam. İllərdir istər aşağı yaş qrupları üzrə yığmalarımız olsun, istərsə də 21 yaşadək futbolçulardan ibarət və ya əsas milli komandamız olsun, çalışan əcnəbilər bizə heç bir fayda verməyiblər. Biz uşaqlarımızın futbolçu kimi inkişafına böyük maddi dəstək ayırmalıyıq.

– Bu yaxınlarda AFFA-nın yeni inkişaf strategiyası elan edildi. İnkişaf strategiyası nələr vəd edir? Əsas 5 hədəflə bağlı nə deyə bilərsiniz?

– Strategiya ilə tanış oldum. Bu, mənə xoş təsir bağışladı. Yalnız yeni rəhbərlik 1 il vaxt itirdi. Onlar hazırlıqlı gəlib, dərhal bu işləri həyata keçirsəydilər, yaxşı olardı. Bütün futbol ictimaiyyəti yazılan bu strategiyanın həyata keçməsi üçün əlindən gələni etməlidir.

– İnkişaf strategiyasında gənc futbolçularımızın Avropanın aparıcı klublarında çıxış etməsi məsələsi də yer alıb. Bizə qonşu olan ölkələrdən Avropa klublarında oynaya bilən xeyli sayda futbolçu çıxdığı halda, Azərbaycanda yüksək səviyyəli oyunçu niyə yetişmir?

– Biz buna hazır deyilik. Bir gəncin Avropada oynaması üçün bir avropalı gənc kimi yanaşması lazımdır. Mental düşüncə, yaşayış tərzi və s. kimi kriteriyalar bizə Avropaya getməyə imkan vermir. Akademiyalarımız da Avropada oynaya biləcək gənclər yetişdirə bilmirlər. Ümid edək ki, yeni layihənin uşaqlarımızın Avropaya çıxışına böyük təsiri olacaq.

– İnkişaf strategiyasında kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi uzunmüddətli hədəflərdən hesab edilib…

– Qarşıya konkret məqsədlərin qoyulmasını dəstəkləyirəm. Çox ciddi rəqəmlərdir. Buna nail ola bilsək, ciddi uğur sayılacaq.

– İnkişaf strategiyasında Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərinin ikiqat artırılmasının əsas hədəflərdən biri olduğu da qeyd edilib. Sizcə, bunu reallaşdırmaq mümkün olacaq?

– Əlbəttə, ümumi bazar dəyərinin artması mümkündür. Amma buna illər lazım olacaq. Bunun üçün inkişaf strategiyasında yazılan bütün bəndləri dəqiqliklə həyata keçirmək lazımdır. Bu yolda boşluqlar buraxmaq olmaz.

– Son vaxtlar ən çox gündəmdə olan məsələlərdən biri də legioner limiti məsələsidir. Necə düşünürsünüz, Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya saxlanılmalıdır?

– Əgər çempionatımız 10 komanda ilə davam edəcəksə, birmənalı şəkildə limit saxlanılmalı və ya 8+3 ilə davam edilməlidir. Limit komanda sayı artılırsa, ləğv edilə bilər. O da tam ləğvdən söhbət belə gedə bilməz. Sifariş ərizəsində 10 yerli futbolçunun olması vacibdir. Verilən bütün qərarların futbolumuzun inkişafına təsir etməsini arzulayıram.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: