Bu gün “Georgios Karaiskakis” stadionunda baş tutacaq oyun “Olimpiakos” üçün xüsusi əhəmiyyət kəsb edir. “Qarabağ”ın taleyi bəllidirsə, yunanlar ilk 8 pilləni tutan komandalar arasında olmaq üçün qələbə qaznmalıdır.
Pirey təmsilçisi qələbə sayəsində Avropa Liqasının pley-offundan yayına bilər. 12 xalla 12-ci pillədə qərarlaşan “Olimpiakos”u 8-ci pillədən 2 xal ayırır. Yunanlarla yanaşı “Qalatasaray”, “Bodo Qlimt”, “Viktoriya”, “Reyncers”, “Alkmar” və “Yunion” xoşbəxt klublar arasında yer almaq uğrunda mübarizə aparır.
“Opta” təhlil şirkəti son tur ərəfəsində komandaların imkanlarını dəyərləndirib. Araşdırmalara görə, “Olimpiakos”un “ilk 8-liy”ə düşmək şansı daha yüksəkdir. Pireneylilər 39,2 faiz göstərici ilə siyahıya başçılıq edirlər. Yəqin ki, “Qarabağ”ın Avropa Liqasında uğursuz mövsüm keçirməsi təhlillərdə əksini tapıb. Cəmi 3 xal toplayan Azərbaycan çempionu yeganə qələbəni Norveç səfərində əldə edib. “Olimpiakos”un doğma azarkeşlər qarşısında uğurlu oyunu da vurğulamaq lazımdır. Xose Luis Mendilibarın yetirmələri Pireydə keçidikləri 3 oyunun 1-də qələbə qazansalar da, digər görüşlərdə qalib müəyyənləşməyib.
Amma “Qarabağ” 2022-ci ildə Pireydə rəqibinə 3:0 hesabı ilə qalib gəlməyi bacarıb. Düzdür, indi komandaların vəziyyəti kifayət qədər fərqlidir və eyni nəticəni təkrarlamaq heç də asan olmayacaq.
“Olimpiakos”dan sonra “ilk 8-liy”ə düşmək üçün “Qalatasaray” 37,6 faizlə daha şanslı hesab olunur. Son turdan əvvəl 8-ci pillədə olan FCSB-nin şansı 31,2, “Bodo Qlimt”in isə 23,6 faizə bərabərdir.