Futzal üzrə Azərbaycan millisi sabah Avropa çempionatının əsas mərhələsində səfərdə Xorvatiya ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, yığmanın üzvü Tofiq Mikayılov Puladakı hazırlıq zamanı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında fikirlərini bildirib:
“Bakıda iki gün ərzində 4 məşq keçdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək”.
Təcrübəli oyunçu rəqibi də dəyərləndirib: “Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq”.
Mikayılov millinin sabahkı görüşə hazır olduğunu əlavə edib: “Yaxşı kollektivimiz var. Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənclərin vəhdətindən formalaşıb. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək”.
Qeyd edək ki, sabah Dom Sportova “Mate Parlov”da keçiriləcək Xorvatiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.