Oyunların nəticəsinin manipulyasiyası şübhəsi ilə “Şamaxı”dan göndərilən Georgi Kantariya açıqlama verib.
Futbolinfo.az saytına danışan gürcüstanlı futbolçu onunla birlikdə klubdan ayrılan Adil Nağıyevə ömürlük cəza verilməsindən xəbərsiz olduğunu bildirib. Kantariya AFFA-dan və ya Azərbaycandan heç kimlə danışmadığını, ümumiyyətlə, bu barədə açıqlama vermək istəmədiyini deyib.
Hazırda Azərbaycanda olmadığı üçün AFFA-nın Kantariyanı cəzalandırmaq imkanı yoxdur. Ən yaxşı halda onun ölkəmizdəki fəaliyyətinə qadağa qoyula bilər. Amma bizdə olan bilgiyə görə, Georgi ilə bağlı həm beynəlxalq futbol qurumlarına, həm də Gürcüstan Futbol Federasyasına məlumat verilib. Qanunsuz əməlləri sübut olunsa, yəqin ki, Kantariyanın da cəzası yubanmayacaq.