“Şamaxı”nın futbolçusu Rüfət Abbasov legioner həyatı yaşaya bilər.
Futbolinfo.az saytının məlumatına görə, 20 yaşlı sol cinah oyunçusu Norveçin “Sarpsborq” klubunun maraq dairəsinə düşüb.
Norveç yüksək liqasında çıxış edən sarpsborqlular Abbasovu diqqət mərkəzində saxlayırlar. Hətta rəhbərlik U-21 millimizin üzvünü yerində izləmək istəyib. Bu səbəbdən “Şamaxı”nın Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” ilə bu gün keçiriləcək oyununa nümayəndə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin viza ilə bağlı problem yarandığı üçün bu variant baş tutmayıb.
“Sarpsborq”un nümayəndələri “Neftçi” ilə qarşılaşmanı televiziya vasitəsilə canlı izləyəcəklər. Norveçdə yeni mövsüm martda start götürəcəyindən, klub Rüfəti izləməkdə davam edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rüfət Abbasov bu mövsümdən “Şamaxı”nın formasını geyinir.






