“Turan Tovuz” Oto Cona indiyədək çəkdiyi xərci onu satmaqla artıqlaması ilə çıxarıb. Qərblilər 27 yaşlı nigeriyalını təxminən 150-200 min dollara satıb.
Futbolinfo.az xəbər verir ki, 2023-cü ilin yayında Tovuz klubuna gələn hücumçunun anlaşması mövsümün sonunda bitəcəkdi. Yeni müqavilə imzalamayan forvard, aldığı 11 təklifdən birini dəyərləndirmək niyyətində idi. Amma klubu onu azad agent kimi itirməkdənsə, elə indi sataraq pul qazanmağı lazım bilib.
“Turan Tovuz”un tələb etdiyi pulu yalnız “Al Madina” ödəməyə razılaşıb. Liviya klubu Oto Conun özünü də razı saldığından, anlaşma reallaşıb.
Nigeriyalı yeni klubunda aya 25 min dollar maaş alacaq. Bu, onun Azərbaycanda qazandığından bir neçə dəfə çoxdur. İlk ilində 4, bu mövsümdən 6 min dollar maaşa oynayan Otoya ümumilikdə heç 100 min xərclənməmişdi. Tovuzlular onu bu məbləğin iki qatına satmağı bacarıb.
“Turan Tovuz” forması ilə 56 oyunda meydana çıxan Oto Con kritik qollar vursa da, yerli publika və məşqçilər korpusu ondan tam razı deyildi. Qışda yeni hücumçuların alınmasının da səbəbi bu idi. Ona görə anlaşma qərblilərin ürəyincə olub. Hücumçunun Liviyanı seçməsi isə karyeranı yox, pulu düşündüyünü göstərir.






