“Biz meydanda idik deyə ilk qolun ofsayd olub-olmadığını deyə bilmərəm. Lakin penalti təmiz idi. Ondan istifadə edərək, ən azı 1 xal əldə edə bilərdik. Təəssüf ki, hakim qərarını dəyişdi. Belə olduqda da “Qarabağ” qalib gəldi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Dmitri Litvin deyib.

Müdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda (0:1) baş verən mübahisəli epizodlar barədə danışıb. Litvin komandasının qarşıdakı oyunlara fokuslandığını vurğulayıb: “Bu oyuna yaxşı şəkildə hazırlaşmışdıq və qalib gəlmək üçün şanslarımız var idi. Ən azı bərabər qala bilərdik. Bunun üçün də əlimizə fürsətlər düşmüşdü. Təəssüf ki, şansımız gətirmədi və qol vura bilmədik. Amma həftə ərzində hazırlıqlarımızı davam etdirəcəyik. Qarşıda bizi “Qarabağ”la cavab oyunu və həftəsonu çempionat matçı gözləyir”.

O, həmçinin çempionat və kubok oyunları arasındakı fərqə toxunaraq, Premyer Liqada xal ehtiyatını artırmağın vacib olduğunu bildirib: “Çempionat və kubok matçları arasında fərq böyükdür. Ən azı bu oyunu unudub, qarşıda bizi 3 xalın gözlədiyi çempionat qarşılaşmasına hazırlaşacağıq. Məqsədimiz qələbə qazanmaqdır. Çünki sonuncu pillədəyik və xal ehtiyatımızı artıraraq, daha üst pillələrə qalxmaq lazımdır. İnanıram ki, yaxşı hazırlıq keçərək, uğurlu nəticə əldə edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

Shares: