Misli Premyer Liqasında avrokuboklara vəsiqə uğrunda mübarizə bir az da kəskinləşdi. Dünən Tovuzda baş tutan matçdan sonra xüsusilə ilk “dördlük”də qərarlaşan komandaların bir-birinə güşət etməyəcəyi aydınlaşdı.
Əvəzində “Qarabağ” izləyiciləri ilə xal fərqini bir az da açdı. Artıq ağdamlılar “Araz-Naxçıvan”dan 12 xallıq məsafədədir. “Zirə” ilə “Turan Tovuz” isə Elmar Baxşıyevin yetirmələrini haqlamaq üzrədir. Qış fasiləsinə böyük üstünlüklə yollanan, hətta çempionluğa ümidlənən muxtar respublika təmsilçisi izləyicilərini çox yaxına buraxıb.
Dünən Tovuzda qeydə alınan nəticə də göstərdi ki, “Araz-Naxçıvan” 1-2 futbolçudan asılı komandadaır. Felipe Santos və Ramon Maçadodan bir olmayan kimi Baxşıyevin yetirmələrinin hücumda işləri qaydasında getmir. 23 tura cəmi 23 qol vuran naxçıvanlılar heyəti yaxşı komplektləşdirməyib, yarımmüdafiə xəttində yersiz say çoxluğu var, hücumda Maçadoya alternativ gətirilməsi isə yaddan çıxıb.
Son 7 oyunda cəmi 5 xal toplayan “Araz-Naxçıvan”ın çöküşünün digər səbəbi rəqiblərinin bu komandaya daha diqqətli yanaşması, mövsümün əvvəlində olduğu kimi barmaqarası münasibət bəsləməməsidir. AFFA da nəzarəti gücləndirib, Naxçıvan klubunun rəhbərliyi əvvəlki kimi istədiyi hakimi öz oyununa təyin etdirə bilmir. Hakm köməyi olmayanda isə Baxşıyevin yetirmələrinin bacarığı mümkün 21 xaldan 16-nı itirməyə imkan verir.
İndi Elmar bəy hakimlərdən gileylənməyə başlayıb. Dünən komandası haqlı qərarla azlıqda qaldı, şikayətləndi, halbuki rəqiblərinin əlindən alınan xalları hesablasaq, “Araz-Naxçıvan” indi heç ilk “beşlik”də olmamalıydı. Zarımaqdansa heyəti düzgün komplektləşdirmək, futbolçuların geriləməsinin səbəbini araşdırmaq lazımdır. 12-ci oyunçu ilə qələbəyə öyrəşən naxçıvanlılar indi “azlıqda qalıb”.
“Turan Tovuz”un parlaq oynadığını demək olmaz. Mövsümdə ən az uduzan ikinci komanda olan qərblilər heç-heçə çoxluğunun əziyyətini çəkir. Qeyri-sabitlik Kurban Berdıyevin yetirmələrinin əsas qüsurudur. Meydan sahibləri dünən də az qala büdrəyəcəkdi, amma yenə dada standart vəziyyət çatdı. İstənilən halda, naxçıvanlılarla xal fərqi beşə endi, komanda avrokuboka vəsiqə uğrunda mübarizədə yoluna davam edir.
Turun mərkəzi oyununda isə ənənə pozulmadı. 4 ildir “Qarabağ”ı məğlub edə bilməyən “Neftçi” yenə Azərbaycan derbisində məyus tərəf oldu. Baxmayaraq ki, oyunun gedişi tilsimin qırılması ehtimalını yaratmışdı.
Komandaların hazırkı durumu fərqli olsa da, azarkeş sayında mövsümün rekordunun qırılması faktı da oyuna necə önəm verildiyini göstərir. Bəlkə elə buna görədir ki, matça əla motivasya olunan bakılılar ilk yarıda ciddi ərazi üstünlüyü qazanmışdı. Komanda Samir Abasovun təyinatından bəri ən yaxşı oyununu göstərirdi. Ardıcıl 3 qələbə ilə yüksələn qrafikin davamını meydanda görmək olurdu.
Kevin Medina yersiz hərəkət üzündən meydandan qovulanda “Neftçi”nin yaxşı oyunu qolla taclandıracağını düşünmək olardı. Orta sahədə ciddi problem yaşayan ağdamlılar məcburi əvəzləmə üzündən Aleksey İsayevi də itirincə paytaxt təmsilçisinin əl-qolu açılmalı idi. Lakin Qurban Qurbanov taktikanı dəyişdi, ağıllı yerdəyişmələrlə azlıqda qalmalarını hiss etdirmədi.
Fasilədən sonra artıq “Qarabağ” üstün oynamağa başladı. Xarakter göstərən qonaqlar təhlükəli vəziyyətləri sıralamağa girişdi. Üstünlüyün rəqibə keçməsində Abasovun səhvlərinn də rolu oldu. Aqressiv oynayan, meydanın mərkəzində üstünlüyü təmin edən Edvin Kuçun əvəzlənməsi həlledici amil sayılmalıdır. Bəlkə də bu legionerin sarı vərəqə iləoynaması Samir bəyi ehtiyatlandırdı. Onun ardınca irəli xətdə hərəkətli olan Ağadadaş Salyanski və Filip Ozobiçin oyundan çıxması ilə vəziyyət dəyişdi. Əvəzetmədən meydana çıxanlar “Qarabağ”dan “oynamağa başladı”.
Qurbanovun Kadi Borgesi meydana buraxması ilə qonaqların üstünlüyü daha da artdı. Meydanın dərinliklərində, bəzən cinahda top qəbul edib cərimə meydançasına şığıyan braziliyalı epizodların birində istəyinə çatdı. Onun qazandığı penaltini dəqiq yerinə yetirən Marko Yankoviç derbinin qalibini müəyyənləşdirdi. Qələbənin azlıqda kən qazanılması onun dəyərini daha da artırdı.
Oyuna baxmağa gələn azarkeşlər peşman olmadı. Hər hissədə bir komanda üstün olsa da, gərgin mübarizənin şahidi olduq. Yekunda “Neftçi” yuxarı pillələrdən bir qədər də uzaq düşdü, “Qarabağ” isə növbəti çempionluğa doğru inamlı addım atdı. Bakılılar mövsümün əvvəli ilə müqayisədə müsbət siqnallar verməyə başlayıb. “Qarabağ” isə yayda azı 5-6 yaxşı transfer etməlidir, əks halda yeni çempionat daha çətin keçəcək.
FƏRİD







