Vasili Berezutskinin təyinatını təsadüfən riskli saymamışdıq. Baş məşqçi kimi debüt edən rusiyalı “Sabah” üçün kəsilməmiş qarpız kimi idi. İndi həmin “qarpız”ın içinin ağ, komandasının gününün qara olduğu aydınlaşır.

Son 6 turda 12 xal itirən “Sabah” turnir cədvəlinin 5-ci pilləsindən yuxarı qalxa bilmir. “Səbail”lə heç-heçə ötən tur məğlub etdikləri “Turan Tovuz”la xal fərqinin daha da artmasına səbəb oldu. Qərblilər əsas izləyicisindən 7 xal öndədir və avrokuboklara vəsiqə şansını saxlayır. “Bayquşlar”ın da şansı tükənməyib, hələ kubokda da ümidlər davam edir. Lakin Berezutskinin oynatdığı futbolla uzağa getmək olmaz.

“Səbail” dünən daha yaxşı oynadı. Cavid Hüseynov komandasına daha düşünülmüş futbol oynatdı, yetirmələri daha real qol şansları yaratdı. “Sabah”ın ikinci hissədə ümumiyyətlə, düşünülmüş bircə hücumu olmadı ki, bu da məşqçi bacarıqsızlığının nəticəsidir. Krunoslav Renduliçin vaxtında da nəticələr yaxşı deyildi, amma komanda indikindən xeyli baxımlı oynayırdı.

Ümumiyyətlə, komandanın mövsüm ərzində qazandığı 32 xaldan 18-ni Renduliç əldə edib. Düzdür, Berezutskinin oyun sayı azdır, sələfinin göstəricisini yaxşılaşdıra bilər. Ancaq o da var ki, qışa kimi reallaşan nəticələri rusiyalının ayağına yazmaq olmaz. Vasilinin özünün hazırladığı komanda yalnız 2025-dəki göstəricilərə görə fərqləndirilə bilər. Burada isə 5 oyuna toplanan 6 xal var.

Turun bağlanış günündəki digər bərabərlik Tovuzda qeydə alındı. Həm “Kəpəz”, həm də “Şamaxı” ehtiyatlı oynadı, daha çox uduzmamağa çalışdılar. Hər iki komandanın qələbə qazanmaq üçün də şansı var idi, lakin ədalətli nəticə tərəfləri razı saldı.

Ümumiyyətlə, cari turda autsayderlərdən yalnız “Sumqayıt” xalsız qaldı. Bu, son pillədəki komanda ilə aradakı fərqin 5 xaladək əriməsinə səbəb oldu. Son 3 yerin sahibi dəyişməsə də, mübarizə daha da qızışdı. Yəqin ki, mövsümün sonunadək bu temp davam edəcək.

FƏRİD

Shares: