AFFA-nın indiki rəhbərliyinin sələflərindən əsas üstün cəhəti ictimai fikrə önəm verməsi, daha demokratik davranması, müzakirələrə açıq olmasıdır. Elxan Məmmədovun ancaq özünə və dəstəsinə sərf edən qərarları qəbul etdirdiyi İcraiyyə Komitəsi (İK) ilə qurumun indiki tərkibi ümumiyyətlə, müqayisə olunmamalıdır.
Dünən AFFA İcraiyyə Komitəsi növbəti dəfə bir araya gəldi və öncəki iclasda qəbul edilən qərarların çatışmayan detallarını yerbəyer etdi. Əsas məsələ növbəti mövsümün reqlamentini, formatını müəyyənləşdirmək oldu və gözlənilən mütərəqqi qərarlar verildi.
Futbol ictimaiyyətinin, mətbuatın, mütəxəssislərin böyük əksəriyyətinin istəkləri qərarlarda əksini tapdı. Komitə üzvləri axına qarşı üzmədi, ən xeyirli olması gözlənilənləri rəsmiləşdirdi. Bəlkə elə buna görədir ki, İK-nın iclasında “köhnələrin qalıqları olanlar” yenə görünmədi. Axı, onların daimi məkrli planları işləmədi, AFFA özünü həqiqi inkişafı istəyən qurum kimi göstərdi.
Budəfəki iclasda Peşəkar Futbol Liqasının (PFL) da yada düşməsi qeyd olunmalıdır. Çempionatın taleyinin liqaları keçirən qurumun nümayəndəsi olmadan müəyyənləşməsi absurd olardı. Əvvəlki iclaslarda buna gərək duyulmamışdısa, dünən qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Misli Premyer Liqası, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verdi, müzakirələrdə iştirak etdi.
Əslində, bütün söz-söhbətlərə son qoyulmasında, ədalətli qərarların qəbul edilməsində məhz PFL-in rolu danılmazdır. Qurumun dəqiqliyi ilə seçilən əməkdaşlarının Əsasnamədə hər şeyi öncədən nəzərə alması İK-nın doğru qərar verməsində həlledici oldu.
Beləliklə, Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümü 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq. “Altılıq” sisteminə gərək duyulmadı, vaxtilə I Divizionda reallaşmış sistemə üstünlük verildi.

Ən əsas məsələ son pillənin sahibinin birbaşa I Liqaya enəcəyi, yoxsa burada 3-cü olan komanda ilə pley-off oynayacağı idi. Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutanın Premyer Liqanı tərk edəcəyi, əvəzində I Liqadan 3 komandanın birbaşa yüksək dəstəyə vəsiqə qazanacağı qərarı verildi. Burada ilk 3 pilləni tutanın yox, məhz 3 komandanın elitaya gələcəyi vurğulanır. Deməli, aşağı dəstədə nəticələrlə yanaşı, lisenziya tələbləri də əsas götürüləcək.
Bu qərar Misli Premyer Liqasının cari mövsümündə mübarizəyə də təsir edəcək. İdman prinsiplərinə sadiqlik olduğundan sonuncu olmamaq üçün gərgin mübarizə izləyəcəyik.
Qərarlardan sonra bəlli oldu ki, I Liqada komanda sayı dəyişməz qalacaq. 2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. Beləliklə, Premyer Liqaya yollanan komandaların yeri doldurulacaq. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı da nəzərdə tutulub.
AFFA-nın yeni rəhbərliyi uzunmüddətli susqunluqdan sonra ardıcıl müsbət qərarlar verməklə alqış qazanır. Növbəti addım legioner limiti ilə bağlı olmalı, yerli futbolçulara veriləcək bonusların hesablanma sisteminin dəqiqləşməsidir. Eyni zamanda qəbul edilmiş İnkişaf Strategiyasını həyata keçirilməsi istiqamətində də ilk addımlar atılmalıdır.
FƏRİD