Qadın milli komandamızın üzvü Aysun Seydiyeva karyerasını bitirib. O, bu qərarını özü açıqlayıb.

Türkiyə, Qazaxıstan və Rusiya klublarında da çıxış etmiş, son olaraq “Neftçi”də oynayan 28 yaşlı hücumçu “CBC Sport”da yayımlanan “Start” verilişində bu barədə danışıb: “Beynimdə futbol karyeramı bitirmək çoxdan var idi. Əslində, oynamaq istəyərəm, amma bəzi xoşagəlməz səbəblərə, komanda içində, komandanın başında olan şəxslərə görə Soçidəki təlim-məşq toplanışından qabaq artıq qərar vermişdim ki, milli komandanın tərkibinə qatılmaq istəmirəm və bu haqda da məşqçi ilə danışmışdım. Məlumatı var idi ki, mən bu təlim-məşq toplanışı haqqında istəksizəm. Amma o,”Hər şey yaxşı olacaq, biz sənə inanırıq, dəyərlisən” deyirdi mənə. Təlim-məşq toplanışına getdim, amma fikrimdə bitirmək var idi deyə, o ab-hava mənə xoş gəlmirdi. İnsan həyatda da belədir, bir şey ki, sənin ürəyinə getmək gəlibsə, getməlisən. Qalanda artıq hər şey yaxşı olmayacaq. Mən də uzun müddətdir karyeramı bitirməyi düşünürdüm. Amma 3 aydır ki, futbolu tamamən bitirmişəm. Həm milli komandada, həm klubda. Sadəcə özüm üçün fərdi fitnes məşqləri edirəm. Bəzən çox darıxsam, məhəllədə balaca uşaqlarla futbol oynayıram”.

Shares: