“Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə heç-heçə (1:1) etdiniz. Oyunla bağlı fikriniz necədir? Qazanılan 1 xal sizin üçün qənaətbəxşdir?

– Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib gələrək meydanı 3 xalla tərk etmək idi. Təəssüf ki, qol epizodlarından lazımınca yararlana bilmədik. Onu deyə bilərəm ki, hər xal bizim üçün önəmlidir.

– “Kəpəz” qış fasiləsindən sonra daha inamlı çıxış edir. Bunu nə ilə əlaqələndirərdiniz?

– Düzdür, çempionatın əvvəlini uğursuz keçirdik. Sonradan isə bəzi dəyişikliklər oldu. Futbolçular olaraq bir-birimizi yaxşı başa düşməyə başladıq. Düşünürəm ki, qış fasiləsindən sonrakı inamlı çıxışda əsas amillərdən biri məşqçilərin bizə özünəinam hissini qaytarmasıdır.

– Növbəti turda “Zirə”nin qonağı olacaqsınız. Çətin səfərdən xal və ya xallarla qayıtmağı bacaracaqsınız?

– Bu oyuna da əvvəlki matçlara olduğu kimi, ciddi hazırlaşırıq. Hər görüşə xal və ya xallar qazanmaq, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq və bizi sevənləri, “Kəpəz” azarkeşlərini sevindirmək üçün çıxırıq. Fürsətdən istifadə edib azarkeşlərimizin hər birinə təşəkkür edirəm. Hər matçda onları yanımızda hiss etmək bizə əlavə motivasiya verir.

– “Zirə” ilə görüşdən sonra ölkə kubokunda “Neftçi” ilə cavab matçına çıxacaqsınız. İlk görüşdəki 0:2 hesablı məğlubiyyətdən sonra cavab oyununda lazımi nəticəni əldə edə biləcəksiniz?

– Futbolda hər şey ola bilər. Amma əvvəlcə “Zirə” ilə oyunu fikirləşirik. Bu görüşdən sonra kubok matçına köklənəcəyik. Həmin oyunda da məqsəd yaxşı nəticə əldə etmək olacaq.

– Aydın məsələdir ki, “Kəpəz”in cari mövsümdəki əsas hədəfi Premyer Liqadakı yerini qorumaqdır. Bu missiyanın öhdəsindən gəlmək mümkün olacaq?

– Bəli, əsas hədəf budur. Düşünürəm ki, biz futbolçular məşqçilər korpusunun tapşırıqlarını düzgün həyata keçirsək, daha yaxşısını edəcəyik.

– Növbəti mövsümdən Azərbaycan çempionatında legioner limiti ləğv ediləcək. Bir yerli futbolçu olaraq, bu qərarın futbolumuza necə təsir göstərəcəyini düşünürsünüz?

– Artıq qərar verilib. Danışmaq həm mənə vəzifə olmaz, həm də nəsə demək üçün gecdir. Bir onu bildirmək istəyirəm ki, məncə, yerli futbolçular üçün çətin olacaq. Yerimizi möhkəmləndirmək üçün daha çox çalışmalıyıq.

AĞA

Shares: