“Şamaxı”nın müdafiəçisi Rafael Məhərrəmlinin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın son turunda “Kəpəz”lə heç-heçə etdiniz. Matçın nəticəsini qənaətbəxş sayırsan? Səncə, nəticə oyuna görə oldu?

– Oyunun çətin keçəcəyini bilirdik. Çünki “Kəpəz” son turlarda məğlub olmurdu. Onlar yaxşı hazırlaşmışdılar. Matçboyu üstünlük bizdə olsa da, görüş heç-heçə bitdi. Düşünürəm ki, qələbə qazanmaq şansımız çox idi. Amma əsas odur matçdan xalla ayrıla bildik.

– Hazırda ausayderlər qrupunuzdasız. Bu, üzərinizdə təzyiq yaradırmı?

– İndi çempionatda güclü mübarizə gedir. Aşağı pillədə olsaq da, oradakı komandaların mübarizə zmini gözardı etmək olmaz. Bundan sonrakı oyunlara köklənmişik. İnşallah ki, bizim üçün hər şey yaxşı olar.

– Səncə, Şamaxı Premyer Liqada yerini qoruya biləcək. Sonuncu yerlə xal fərqi çox azdır…

– Çempionat hələ davam edir. Nəyin necə olacağını bilmək olmaz, dəqiq söz demək üçün çox tezdir. Çünki aşağı pilləyə baxırıq, amma yuxarıya baxsaq, 6-cı pillə ilə də cəmi 3 xallıq fərqimiz var. Bu o deməkdir ki, sonuncu yerdə olan komanda ilə 6-cı yer arasında elə də ciddi xal fərqi yoxdur. Çalışdığımız qədər çox xal toplamalıyıq.

– Çempionatın startında çox yaxşı çıxış edirdiz və orta pillələrdə qərarlaşırdız. İndiki duruma düşməyin səbəbin nədə görürsən?

– Formadayıq və daha yaxşı oynayırıq. Uduzduğumuz oyunların çoxunda futbol şansı bizdən uzaq olub. Çox vaxt da minimal hesablarla məğlub olmuşuq. Son dəqiqələrdə buradığımız qollar üzündən uduzduğumuz oyunlar çoxdur. Zədə problemini də unutmaq olmaz.

– Qarşıda Tovuz klubu ilə oyun var. Bu turda xala ümid edirsiz?

– “Turan Tovuz” çox yaxşı komandadır. Elə onlarla oyunlarda da yenə son dəqiqə qolları ilə qalibiyyəti əlimizdən buraxmışıq. İnşallah ki, bu matçda xal götürmək bizə qismət olar.

CAVAD

Shares: