“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyevin futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan çempionatının 23-cü turunda “Səbail”lə qolsuz heç-heçə etdiniz. Oyunla bağlı fikirləriniz necədir?
– Oyuna yaxşı və aqressiv başladıq. Lakin sonradan adi səhvlərə yol verdik ki, bunun da nəticəsində istədiyimiz nəticəni əldə edə bilmədik.
– “Sabah” qış fasiləsindən sonra cəmi 1 qələbə qazanıb. Zəif performansın səbəbini nədə görürsünüz?
– Komandada hamı meydanda əlindən gələni edir. Deyə bilmərəm ki, kimsə oyunlara laqeyd yanaşır. Sadəcə, bu futboldur. Bəzən şansların olsa da, dəyərləndirə bilmirsən. Fikrimcə, oyunlarda əldə etdiyimiz bütün fürsətlərdən lazımınca yararlanmalıyıq.
– “Sabah”ın yeni transferlərindən birisiniz. Komandaya tam adaptasiya olmaq üçün sizə nə qədər vaxt lazımdır?
– Baş məşqçidən bazada çalışan insanlara qədər, hamı mənə maksimum kömək edir ki, özümü evdəki kimi hiss edim. Komandada çox yaxşı ab-hava var. Bu da mənə kollektivə daha tez uyğunlaşmağa yardımçı olur.
– “Sabah” sizi 1 illik icarəyə götürüb. Bu müddət bitəndən sonra Bakı təmsilçisinə birdəfəlik transferiniz mümkündür?
– Bu barədə nə isə demək çox çətindir. Çünki heç kim sabah nə olacağını bilmir. Sadəcə, onu deyə bilərəm ki, hazırda burada olmaqdan şadam.
– Azərbaycan çempionatının səviyyəsi necədir? Buraya gələnədək futbolumuz haqda hansı məlumatlara sahib idiniz?
– Buraya gəlməmişdən öncə də Azərbaycan çempionatının heç də asan olmadığını bilirdim. Var qüvvənlə çıxış etmədən, meydanda canını qoymadan nəticə əldə etmək mümkün deyil. Burada olduğum müddətdə bunun canlı şahidi oldum. Hər komanda yaxşı nəticə qazanmaq üçün meydanda sona kimi mübarizə aparır.
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Oyundan öncə nə isə deməyi xoşlamıram. Sadəcə onu deyə bilərəm ki, meydana yalnız yaxşı nəticə qazanmaq üçün çıxacağıq.
– Azərbaycan Kubokunda yarımfinala adlamaq şansınızı necə dəyərləndirirsiniz? “Sumqayıt”la cavab matçında lazım olan nəticəni əldə edə biləcəksiniz?
– “Sumqayıt” müdafiə xəttində çox intizamlı komandadır. Əlbəttə, asan olmayacaq. Bizi qarşıda gözləyən oyunlara tam hazır olmaq üçün var qüvvəmizlə çalışırıq.
ABBAS