Dohada keçirilən mötəbər tennis turnirində növbəti oyunlar baş tutub.
Turnirin 1 nömrəsi Karlos Alkaras Luka Nardi ilə qarşılaşıb. İlk set ispan tennisçinin xeyrinə başa çatıb. Lakin ikinci setdə dünya reytinqinin 85-ci raketkası hesabda tarazlıq yarada bilib. 3-cü set yenə də Alkarasın qələbəsi ilə yekunlaşıb (6:1, 4:6, 6:3). Bununla da o, ¼ finala yüksəlib. Karlosun növbəti mərhələdə rəqibi Leheçka olacaq.
Cokoviçi ilk mərhələdə məğlub edən Matteo Berrettini bu dəfə Qriksporu üstələyib – 7:6, 6:7, 6:4. Turnirin ikinci raketkası Aleks de Minaur niderlandlı Van de Zandsxulpa qalib gəlib – 6:4, 6:4.
Rusiyalı tennisçilər də ¼ finala adlayıblar. Medvedev Berqsi, Rublyov isə Borxesi məğlubiyyətə uğradıb.