“Bir neçə gün əvvəl “Fakel” “Şamaxı”ya təklif göndərdi və onlar mənim üçün danışıqlar apardılar. Bu, həm klub, həm də mənim üçün yaxşı idi. Rusiya Premyer Liqası güclüdür, özümü orada sınamaq istəyirəm və ümid edirəm ki, yeni komandamla birlikdə yaxşı işlər görəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”dan ayrılaraq Rusiyaya yollanan Belajdi Pusi deyib.

Təcrübəli forvard Rusiyada oynamağın onun üçün böyük fürsət olduğunu bildirib: “Başqa təkliflərim də var idi, amma düşünürəm ki, bu, ən yaxşısı idi. Futbol oynamaqdan həzz almaq istəyirəm və ümid edirəm ki, Rusiyada yaxşı çıxış edəcəyəm. Hər zaman öyrənmək və hər gün daha yaxşı futbolçu olmaq istəyirəm. Rusiya futbolu aqressivdir və daha çox fiziki gücə əsaslanan oyundur. Stadionda çox azarkeş olur və ümid edirəm ki, bundan həzz alacağam”.

Pusi Azərbaycan Premyer Liqasında keçirdiyi dövrü yüksək qiymətləndirib və burada xoş xatirələrinin qaldığını vurğulayıb: “Azərbaycan mənim ikinci evim kimidir. Orada özümü çox yaxşı hiss etdim. Çox yaxşı dostlarım var və ümid edirəm ki, orada yenidən oynayacağam. Futbol səviyyəsi yaxşıdır, yaxşı futbolçular var. Azərbaycanda oynadığım hər iki klub möhtəşəm idi. Məni çox dəstəklədilər və hər kəsə minnətdaram. “Şamaxı” yaxşı komandadır, orada çalışan bütün insanlar əladır və işlərini yaxşı görürlər. Onlar Premyer Liqada qalmağı haqq edirlər və düşünürəm ki, qalacaqlar”.

Hücumçu Azərbaycandakı ilk komandası “Turan Tovuz” və son klubu “Şamaxı”ya xüsusi yer ayırıb. O, hər iki klubun onun karyerasında mühüm rol oynadığını deyib və baş məşqçi Ayxan Abbasova təşəkkür edib: “Baş məşqçi Ayxan Abbasova minnətdaram. Çünki o, məni həm “Turan Tovuz”a, həm də “Şamaxı”ya gətirdi. “Turan Tovuz” mənim Azərbaycandakı ilk komandam idi və onlar mənə çox yaxşı münasibət göstərdilər. Oradakı hər kəsə böyük hörmətim var. “Şamaxı” haqda da eyni şeyləri deyə bilərəm, hər iki komanda haqqında yalnız yaxşı fikirlərim var. “Şamaxı”da gözəl aylar keçirdim və oradan yalnız gözəl xatirələrim var”.

Pusi Azərbaycan Premyer Liqasının onun inkişafında mühüm rol oynadığını və burada qazandığı təcrübənin yeni komandasında ona kömək edəcəyini vurğulayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: