Misli Premyer Liqasında 24-cü tura bu gün keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək.
Futbolinfo.az saytı xəbər verir ki, bu, komandaların çempionatda yubiley görüşü olacaq. Belə ki, adıçəkilən klublar Premyer Liqa çərçivəsində 50-ci dəfə üz-üzə gələcəklər.
2011-ci ildən başlayan rəqabətdə “Neftçi” ciddi üstünlüyə malikdir. “Ağ-qaralar”ın 23 qalibiyyətinə “kimyaçılar” 15 qələbə ilə cavab verə biliblər. Bu, top fərqində də öz əksini tapıb. Belə ki, bakılıların 74 qoluna qarşı tərəf 54 qolla qarşılıq verib.
Ancaq son vaxtlar “gənclik şəhəri” təmsilçisi vəziyyəti lehinə çevirməyi bacarıb. Son 5 duelin hamısında qol vuran “Sumqayıt” həmin matçlarda rəqibinə uduzmayıb. “Neftçi” qalib gəlməklə 2 illik həsrətə son qoymağa çalışacaq. Çünki komanda öz meydanında sonuncu dəfə 2023-cü ilin fevralında “Sumqayıt”dan 3 xal alıb.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.