Sabah və birigün Misli Premyer Liqasında 24-cü turun daha 4 oyunu keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, üz-üzə gələcək komandaların çempionat tarixində bunaqədərki duellərində maraqlı məqamlar olub.
Cütlərin əvvəlki matçlarının balansını təqdim edirik:
– “Araz-Naxçıvan”la “Səbail”in bu mövsüm fərqli hədəfləri olsa da, statistika tam bərabərlik göstərir. Belə ki, komandalar 2023-cü ildən başlayan mübarizədə indiyə qədər 6 dəfə qarşılaşıblar ki, hərəsinin aktivinə 2 qələbə yazılıb. Top fərqində də bərabərlik var – 8:8. Ancaq son vaxtlar naxçıvanlıların üstünlüyü diqqət çəkir. Təsadüfi deyil ki, “Araz-Naxçıvan” hər iki qələbəsini cari mövsüm əldə edib. Digər tərəfdən isə “Səbail” 3 səfər matçının hamısında rəqibin qapısına yol tapmağı bacarıb.
– “Sabah” avrokuboklara iddia etsə də, statistika bakılıların “Qarabağ”a rəqib olmadığından xəbər verir. Komandalar arasında indiyə qədər keçirilən 25 oyunun cəmi 2-də qəsəbə təmsilçisi 3 xal üzü görüb. Komanda hər iki qalibiyyətini evdə əldə edib. Ancaq Ağdam klubu öz meydanında heç vaxt bu rəqibinə uduzmayıb. Yalnız 5 dəfə “Sabah” səfərdən 1 xalla dönüb. Komandalar arasında baş tutan son 8 çempionat görüşünün hamısında “Qarabağ” qol vurmağa müvəffəq olub. Qurban Qurbanovun yetirmələri qarşıdakı matçda iki dəfə fərqlənə bilsə, “Sabah”la oyunlarda vurduğu qol sayını 50-yə çatdıracaq.
– “Şamaxı”nın qonağı olacaq “Turan Tovuz” bu rəqibə qarşı Premyer Liqada keçirdiyi 6 matçın hamısında qol vura bilib. Üstəlik, “Şamaxı” evdə hələ qalib gəlməyib. Şamaxıdakı ilk iki dueldə qonaqlar qələbə qazanıbsa, son görüşdə bərabərlik qeydə alınıb.
– Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in “Zirə” sindromu var. Gəncəlilər son 14 oyunda qəsəbə təmsilçisini məğlub edə bilməyib. Artıq 8 ildir ki, “Kəpəz”in bu rəqib üzərində qalibiyyəti yoxdur. Bölgə klubu axırıncı dəfə 2017-ci ilin martında doğma arenasında 3 xal sevinci yaşayıb. 2015-ci ildən başlayan rəqabətdə “Kəpəz” heç vaxt səfər qələbəsi qazanmayıb. Lakin son 4 matçda “Zirə”nin ardıcıl qələbələr qazanması gəncəlilərin bu həsrətinin bitmək ehtimalını azaldır.
Qeyd edək ki, fevralın 22-də “Araz-Naxçıvan” – “Səbail”, “Qarabağ” – “Sabah”, ayın 23-də isə “Şamaxı” – “Turan Tovuz”, “Zirə” – “Kəpəz” oyunları keçiriləcək.