“Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov ölkədə hökm sürən qeyri-sabit hava şəraitinin komandanın hazırlıq prosesinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, Şamaxıda güclü qar yağmasına baxmayaraq, komanda mövcud şəraitdə məşqlərini davam etdirir.

Hüseynov stadionda qarın təmizlənməsi işlərinin səhər saatlarından etibarən aparıldığını qeyd edib: “Hazırda bütün ölkədə olduğu kimi, Şamaxıda da güclü qar yağır. Səhərdən etibarən texnika və canlı qüvvənin köməyi ilə stadionun təmizlənməsi prosesi gedir. PFL ilə müzakirələrimiz davam edir və ümid edirik ki, oyun təxirə salınmayacaq”.

Klub rəsmisi hava şəraitinin hazırkı vəziyyətdə matçın keçirilməsinə mane olmayacağını düşünsə də, oyun günü qar yağışının vəziyyəti necə dəyişdirəcəyini öncədən deməyin mümkün olmadığını vurğulayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: