“Neftçi”nin müdafiəçisi Ervin Koffinin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 24-cü turunda “Sumqayıt”la qarşılaşdınız və 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

– “Sumqayıt”la matç heç də asan keçmədi. Hava şəraiti də oyuna təsir göstərdi. Bu mənada, meydanı 3 xalla tərk etdiyimiz üçün çox sevinirik. Şadıq ki, qalib gələn tərəf biz olduq.

– Rəqibin baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında matçın idarəçiliyindən gileyləndi. Sizcə, referi görüşü necə idarə etdi?

– Hakimlik ümumilikdə pis deyildi. Matç ərzində hər iki komandanın əleyhinə kiçik səhvləri oldu. Ancaq bu, başadüşüləndir. Referi də insandır və futbolda belə halların olması mümkündür. Əsas odur ki, önəmli səhvlər deyildi.

– Növbəti oyununuz Azərbaycan Kubokunda “Kəpəz”ə qarşı olacaq. 1/4 finalın ilk görüşündə səfərdə 2:0 hesablı qələbə qazandığınızı nəzərə alsaq, cavab görüşünü sizin üçün formal hesab etmək olar? Yoxsa “Kəpəz”in Bakıda “Neftçi”yə problem yarada biləcək gücdə olduğunu düşünürsünüz?

– Heç bir oyun formal ola bilməz. Meydanda 11 nəfərlə 11 nəfər üz-üzə gəlir. Bu isə o deməkdir ki, matç ərzində istənilən ssenari baş verə bilər. İlk matçda 2:0 hesablı qələbə qazanmaqla yaxşı iş gördük. Bu mənada, üstünlüyü əldən buraxmamaq və yarımfinala çıxmaq öhdəliyimiz var.

– Maraqlıdır ki, çempionatda da növbəti görüşünüz məhz “Kəpəz”ə qarşı olacaq. Eyni rəqiblə ardıcıl iki oyun keçirmək sizə əlavə çətinlik yarada bilərmi?

– Bir həftə ərzində eyni rəqibə qarşı iki oyun keçirmək heç vaxt asan olmur. Amma nə etmək olar, bu, bizim işimizdir.

– “Neftçi” hazırda çempionatda 6-cı pillədə qərarlaşıb. Sizcə, mövsümü hansı pillədə bitirmək şansınız var?

– Mövsümə çox pis başladıq. Ona görə də indi bizim üçün asan deyil. Ancaq hər oyuna ciddi yanaşırıq. Mövsümün qalan hissəsində necə olacağını birlikdə görəcəyik.

– “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq üçün ən real şansı Azərbaycan Kubokunun qalibi olmaqdır. Komanda bu missiyanın öhdəsindən gələcək?

– Biz öz keyfiyyətlərimizə, komandamızın səviyyəsinə inanırıq. Buna görə də məqsədimizə çatmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

AĞA

Shares: