“Səbail”də ara qarışıb. Komandanın son pillədən qurtula bilməməsi baş məşqçi Cavid Hüseynovla rəhbərlik arasında gərginlik yaradıb.

İdarəçilər çalışdırıcının oyunçu seçimlərindən, matçlara yanaşma tərzindən narazıdır. Komanda qışdan bəri nəticələrini yaxşılaşdırsa da, bu, autsayder adından qurtulmağa kömək etmir. Məhz bu məqam I Liqaya yuvarlanmaq perspektivini yaxınlaşdırır və rəhbərlikdə narahatlıq yaradır.

Hazırda Hüseynova əsas günahkar gözü ilə baxılır. Cavid bəy isə heyətin yetərsiz, zədəlilərin çox olduğunu deyərək bəhanə axtarır.

Komanda son illər yalnız son pillələrdən qurtulmaq uğrunda mübarizə aparıb. Klubun sponsorları da bu durumdan bezib. Mahmud Qurbanovu, Şahin Diniyevi, indi isə Cavid Hüseynovu günahkar bilmək kifayət deyil. Görünür idarəçilikdə də ciddi nöqsanlar var ki, hətta daha azbüdcəli komandalar üst sıralarda yer alarkən, “Səbail” daim zirzəmidə sürünür.

Bəlkə də bu, Aftandil Hacıyevə edilən haqsızlığın cəzasıdır. Ən yaxşı günlərini bu məşqçinin vaxtında yaşayan “dənizçilər”, onunla müqavilə bağlayıb bir ay sonra vidalaşmağın səhv addım olduğunu indi anlamalıdır.

O zaman gələn yeni himayədarlar komanda quruculuğuna başlamışdı və ildən-ilə nəticələrin yaxşılaşdırılması yolu tutulmuşdu. Lakin bir anda işbazlar sponsorların ağlını qarışdırdı, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrları onları bahalı transferlərə yönəltdi. Belədə mərhələlli inkişaf planı pozuldu, xaos yarandı, maliyyə dağıdıldı, nəticələr isə daha da pisləşdi.

İndi isə sponsorlar klubla əlaqələrini ən minimum həddə salıb, komandanın geyimlərindən ASCO yazılarını yığışdırıb. Növbəti mövsümdən isə “Səbail” yalnız dövlətdən gələn maliyyəyə möhtac qalacaq. Komanda 10 yaşını I Liqada qeyd etsə, təəccüblənməməliyik.

Diniyev postunda ola-ola “Səbail” rəhbərliyi ilə danışıq aparan, sələfinin büdrəməsini 3 ay gözləyən Hüseynov indi özü çıxılmaz vəziyyətdədir. Xahişlə, tapşırıqla baş məşqçi olmağn nəticəsi budur.

ABBAS

Shares: