“Sabah”la bu bərabərlik sayəsində “Zirə” bizi 2 xal qabaqladı. Lakin oyuna çıxmazdan öncə nəticədən məlumatsız idim. Yalnız öz matçımıza köklənmişdim. Qarşılaşmadan sonra Tovuzdakı nəticədən xəbər tutdum. Çalışacağıq ki, qələbələr qazanaraq turnir cədvəlindəki əvvəlki pilləmizə qayıdaq”. Bu sözləri futbolinfo.az saytına “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.
Qolkiper “Sabah”la səfərdə 2:2 hesablı bərabərlik haqda da danışıb: “Çətin, maraqlı oyun oldu. Meydanda gərgin mübarizə getdi. Sona qədər təslim olmadıq. Matçın gedişində iki dəfə hesabda geri düşsək də, sona qədər yaxşı çıxış etdik. Bir qədər şansımız gətirsəydi, üçüncü qolu da vura bilərdik. Heç bir halda məğlubiyyətə layiq deyildik. Təbii ki, qalib gəlsəydik, daha əla olardı. Amma təəssüf ki, alınmadı. Düşünürəm ki, sonda bəxt tərəfimizdə olmadı ki, üçüncü qolu vuraq. Heç-heçəni qəbul etmək və irəli baxmaq lazımdır”.
Avram növbəti turda onları çətin oyunun gözlədiyini də vurğulayıb: “Qarşıdan “Qarabağ”la həm kubok, həm də çempionat oyunlarımız gəlir. Lakin kuboka hələ var deyə bütün gücümüzü çempionata vermişik. Qələbə üçün ilk növbədə bərpa olmaq və hazırlaşmaq lazımdır. Əlimizdən gələni etməliyik ki, uğur qazanaq”.
GÜNAY SÜLEYMANOVA