“Hər zaman komandama faydalı olmağı düşünürəm.” “Sabah” ilə matçda fərqlənmək üçün dəfələrlə şansım olsa da, sonda biri alındı. Çox xoşbəxtəm ki, bu qol komandama xal qazandırdı. Qarşıdakı oyunlarda qolların davamını gətirəcəyimə ümid edirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov deyib.
27 yaşlı hücumçu “Sabah”la 2:2 hesablı bərabərlik barədə danışıb: “Hər iki komanda kubokda da mübarizə aparır. Bir neçə gün öncə kubok matçlarımız olduğu üçün bu yorğunluq bir qədər hiss olunurdu. Eyni zamanda “Sabah” çempionatda yaxşı formada olan komandalardandır. Çox adi səhvlərdən qollar buraxdıq. Uduzmaq və ya qalib gəlmək ehtimalımız bərabər idi. Belə bir qarşılaşmadan sonra meydanı 1 xalla tərk etməyi ədalətli nəticə hesab etmək olar”.
İsgəndərov komandasının avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə apardığını vurğulayıb: “Komanda olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Bunun üçün hər iki cəbhədə mübarizə aparırıq. Nə qədər çətin olsa da, buna nail olacağımıza inanırıq. Amma real baxsaq, çempionat yolu ilə Avropaya getməyimiz daha uyğun görünür. Çünki kubokun yarımfinalında rəqibimiz “Qarabağ”dır. Lakin təslim olmayacağıq, qalib gəlmək üçün bütün gücümüzü meydanda qoymağa hazırıq”.
GÜNAY SÜLEYMANOVA