“Çətin və maraqlı oyun alındı. “Sabah” bizim üçün ciddi rəqiblərdən biridir. Hər iki komanda qarşılıqlı real qol epizodları yaratdı. Həm bizim, həm də rəqibin bir neçə dəfə fərqlənmək şansı oldu, amma yekunda qalib müəyyənləşmədi. Düzdür, biz bura qələbə qazanmaq üçün gəlmişdik, amma heç-heçə də ədalətli nəticə sayılmalıdır. Son saniyəyə qədər vuruşduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov deyib.
32 yaşlı müdafiəçi, qarşıda hələ bir çox çətin oyunlarının olduğunu və sona qədər mübarizə aparacaqlarını qeyd edib: “Qarşıda hələ oyunlarımız var. Axıra qədər mübarizə aparacağıq ki, məqsədimizə çataq və Avropaya yollanaq. Növbəti tur bizi “Qarabağ”la ağır ev matçı gözləyir. Hazırda çətin qrafikdəyik, 4 gündən bir oyunumuz var. Qış fasiləsindən sonra bütün komandalar vuruşur, hər biri 3 xal qazanmaq istəyir. Biz də evdə qalib gələrək, məqsədimizə gedən yolda daha da irəliləmək istəyirik. Çətin görünsə də, bunu etməyə malik komandayıq”.
GÜNAY SÜLEYMANOVA