“Sabah”ın futbolçusu Anatoli Nuriyevin futbolinfo.az saytına müsahibəsi
– “Araz-Naxçıvan”la çempionat matçında (2:2) iki dəfə hesabda önə keçsəniz də, üstünlüyünüzü sonadək qoruya bilmədiniz. Meydanı 3 xalla tərk etməyinizə nə mane oldu?
– Müdafiədə müəyyən səhvlərə yol verdik. Rəqibin ilk qolunda “rikoşet” oldu. İkinci qol isə uzaqdan zərbə idi və doğrudan da, gözəl qol alındı.
– “Sabah”ın qış fasiləsindən sonrakı çıxışını ümumilikdə necə dəyərləndirirsiniz?
– Nəticələrin bizi o qədər də razı saldığını deyə bilmərik. Avrokuboklara vəsiqə qazanmaq üçün bizə daha çox xal toplamaq lazımdır. Kubokda yarımfinala çıxmağımız yaxşı oldu. Amma çempionatda daha çox xal yığmalıyıq.
– Növbəti turda “Şamaxı”nın qonağı olacaqsınız. Bu oyundan hansı nəticəni gözləyirsiniz? Qələbə qazanmaq mümkün olacaq?
– “Şamaxı” ilə oyunlar həmişə çətin keçir. Bu mövsüm onlarla iki dəfə qarşılaşsaq da, qalib gələ bilməmişik. Buna görə də matçın maraqlı keçəcəyini düşünürəm. Qalib gəlməyə, aktivimizə 3 xal yazdırmağa çalışacağıq.
– Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə üz-üzə gələcəksiniz. Komandanızın finala çıxmaq şansı nə qədərdir?
– Məncə, azarkeşlər üçün bu afişa əladır. “Neftçi” ilə oyunlarımız həmişə maraqlı keçir. Əlbəttə, əlimizdən gələni edəcəyik ki, finala vəsiqə qazanaq.
– “Sabah”ı mövsümün sonunda avrokuboklara vəsiqəni təmin edən komandaların sırasında görə biləcəyik? Alınmasa, bunu faciə kimi qəbul edəcəksiniz?
– İndidən bu barədə danışmaq tezdir. İstənilən halda, avrokuboklara vəsiqə qazanmasaq, bu, uğursuz nəticə olacaq. Lakin mövsümün sonuna hələ var. Qarşıdakı oyunlarda vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik.
– Növbəti mövsümdən Misli Premyer Liqasında legioner limiti olmayacaq. Bu, yerli futbolçuların heyətə düşmək ehtimalını azaltmayacaq?
– Rəqabət həmişə yaxşıdır. Deməzdim ki, bu qərarla yerli oyunçular tamamilə ehtiyatda qalacaqlar. Çünki heç də bütün yerli futbolçular legionerlərdən zəif deyil.
FƏRİD