“Səbail”in Premyer Liqada qalmaq ümidlərinə Tovuzda ciddi zərbə dəydi. “Kəpəz” “Neftçi”ni məğlub etməklə “dənizçilər”lə xal fərqini 4-ə çatdırdı və dərin nəfəs aldı.
Düzdür, hələ qarşıda 11 tur və qazanılması mümkün olan 33 xal var. Lakin gedişatı nəzərə alsaq, 25 tura 18 xal toplayan “Səbail” onu yalnız arzulaya bilər. Gəncəlilərin növbəti turda “Sumqayıt”la oyununun nəticəsi də böyük önəm kəsb edəcək. Bu dueldə məğlub olan “Səbail”lə ölüm-qalım mübarizəsi verməli olacaq.
25-ci turun bağlanış matçına gəlincə, “Neftçi” 3-4 gün öncə kubokdan uzaqlaşdırdığı komandaya çox rahatlıqla boyun əydi. Meydanda ruhsuz “Neftçi” var idi və bakılılar sanki Tovuza 90 dəqiqəni yola vermək üçün getmişdi. Nominal meydan sahibləri daha üstün oynadığı qarşılaşmadan arzuladığı nəticə ilə ayrıldı.
Əslində, “Neftçi”nin məğlubiyyətinə təəccüblənməməliyik. Paytaxt klubu çoxdan sıradan komandaya çevrilib. Hazırda “Kəpəz”lə 5 xallıq fərq var və qeyri-sabit çıxış “Neftçi” azarkeşlərini bezdirib. Komanda çempionatdan əlini üzüb, kuboku qazanacağına ümid edir. Lakin dünənki oyun ümid vermədi. Azər Bağırov komandanın durumu üzündən kuboka barmaqarası yanaşmasaydı, qısa müddətdə baş tutan 3 oyunun heç birində rəqibinə məğlub olmazdı.
İnsaf naminə, heyət genişliyini, büdcə fərqini, şərait baxımından qeyri-bərabərliyi nəzərə alsaq, “Neftçi” “Kəpəz”i yarı güclə məğlub etməli, indiyədək azı iki dəfə artıq xal toplamalıydı. Lakin Samir Abasov hələ də problemləri yoluna qoya bilməyib. Tovuzda meydana çıxan komanda elə autsayderə layiq oyun göstərdi.
Reallıq odur ki, “Neftçi”nin məğlubiyyətindən sonra “Sumqayıt”ın da vəziyyəti pisləşdi. “Kəpəz” “kimyaçılar”a çatdı və növbət oyununu bu komandaya qarşı keçirəcək. 11 turdur qol vura bilməyən “Gənclər şəhəri”nin komandası toparlanmasa, mövsümün qalan hissəsində təzyiq altında olacaq.
İstənilən halda, son turda ən çətin vəziyyətə düşən “Səbail” oldu. “Dənizçilər” əsas rəqiblərindən “Şamaxı”ya uduzdu, ən yaxındakı rəqib olan “Kəpəz” daha 3 xal irəli qaçdı. İndi Cavid Hüseynovun yetirmələri öncə bu fərqi qapatmalı, daha sonra isə kimisə üstələməyə çalışmalıdır. Çox çətin olacaq…
FƏRİD