“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Tacikistan və Azərbaycan yığmaları ilə matçların həmyerlilərinə xeyir verəcəyini düşünür.

O, indiki məqamda güclü komandalarla qarşılaşmağın futbolçulara mənfi təsir edə biləcəyini düşünür: “Bu elə bir haldır ki, istəklərimiz imkanlarımızla üst-üstə düşmür. Hazırda Norveç, Çexiya və ya Slovakiya ilə oynamaq ölkə xaricinə səfər, vizalar və nəqliyyat deməkdir. Bu baxımdan Düşənbəyə getmək daha asandır və düşünmürəm ki, oradakı rəqib daha zəif olacaq. Üstəlik, heyətimizdə nə qədər debütant olduğunu nəzərə alsaq, hazırkı rəqiblər bizim üçün ən uyğun seçimdir. Çünki yüksək liqanın ilk turundan sonra Norveç millisinə qarşı oynayıb, 5 qol buraxmaq və milliyə yeni qoşulanların özgüvəninə zərbə vurmaq yaxşı variant deyil”.

Baqa hər iki rəqibi öz millilərinə bərabər gücdə hesab edir: “Əlbəttə, hər bir futbolçu və məşqçi güclü rəqiblərlə oynamaq, təcrübə qazanmaq istəyir. Bu, möhtəşəmdir, özüm də bunu yaşamışam. Amma hazırkı vəziyyətdə Tacikistan və Azərbaycandan maksimum fayda götürmək lazımdır. Ola bilsin ki, indi gücümüzə bərabər rəqiblərlə oynamaq daha məqsədəuyğundur ki, futbolçularda inam yaransın. Üstəlik, bu, yeni coğrafiya və möhtəşəm stadionlardır. Bunu sözgəlişi demirəm. Komandamız üçün istənilən halda çətin olacaq”.

Qeyd edək ki, millimiz Belarusla martın 25-də “Bank Respublika Arena”da qarşılaşacaq.

Shares: