Uzun müddətdir yaşıl meydanlardan kənarda qalan “Səbail”in müdafiəçisi Cabir Əmirli zədəsi və bərpa prosesi haqda danışıb.

28 yaşlı futbolçu futbolinfo.az saytına açıqlamasında yaxın zamanda yenidən komandaya qoşulacağını bildirib: “Heç bir futbolçu zədələrdən sığortalanmayıb. Təəssüf ki, mən də bu şanssızlığı yaşadım. Sağ dizimdə ciddi problem var idi, əməliyyat olundum. Bu səbəbdən uzun müddətdir meydanlardan uzaq qalmışam. Amma komanda ilə əlaqəni heç vaxt kəsməmişəm, oyunlara gəlirəm, fərdi məşqlər edirəm. Artıq bərpa prosesinin son mərhələsindəyəm və tezliklə komanda ilə birlikdə məşqlərə başlayacam”.

Karyerasını bitirmək təhlükəsi olduğu deyilən 28 yaşlı müdafiəçi davam etmək əzmində olduğunu da vurğulayıb: “Həm meydanda, həm də kənarda sona qədər mübarizə aparmışam və bundan sonra da davam edəcəm. Karyeramı bitirmək haqda düşünmürəm. Yaxın zamanda yenidən meydanda olacağam”.

Əmirli həmçinin “Səbail”in Premyer Liqada qalmaq uğrunda mübarizəsinə də toxunub: “Qarşıda hələ 11 tur var. Komandamız sona qədər mübarizə aparacaq. Mövsümün sonunda elitada yerimizi qoruyacağımıza inanıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: