“Şamaxı”nın serbiyalı müdafiəçisi Vasiliye Bakiçin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 25-ci turunda “Səbail” üzərində səfər qələbəsi (2:0) qazandınız. Komandanızın qələbə qollarından birinə siz imza atdınız. Oyunla bağlı nə deyə bilərsiniz?
– Bu oyun bizim üçün bəlkə də mövsümün ən vacib matçlarından biri idi. Yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqədə rəqib daha yaxşı təsir bağışlayırdı. Ancaq ikinci hissədə təşəbbüsü tam ələ aldıq və yekunda layiqli qələbə qazandıq. Bu cür önəmli görüşdə həm qalib gəldiyimiz, həm də qol vurduğum üçün şadam.
– Bu, qış fasiləsindən sonra ikinci qələbəniz oldu. Ümumiyyətlə, mövsümün ikinci yarısındakı çıxışınızı necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, mövsümün ikinci hissəsində keçirdiyimiz ilk oyunlarda bəxtimiz gətirmədi. Əslində, uduzduğumuz hər bir görüşdə yaxşı oynadıq, əla müqavimət göstərdik. Tədricən nəticələrimiz düzəlir. Son 4 oyunda ümumilikdə 7 xal toplamışıq. Bu, artıq yaxşı nəticədir.
– “Səbail” üzərindəki qələbə sayəsində turnir cədvəlində 7-ci pilləyə yüksəldiniz. Hazırkı mövqeyinizdə mövsümün sonunadək qalmağı bacaracaqsınız?
– 7-ci yerə yüksəlməyimiz, əlbəttə ki, xoşdur. Cari mövsüm üçün qarşımıza qoyulan hədəf Premyer Liqada qalmaqdır. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.
– Çempionatda növbəti oyununuzu “Sabah”a qarşı keçirəcəksiniz. Bu matçdan gözləntiniz nədir?
– Rəqibi təhlil edirik. Bu oyuna da yaxşı hazırlaşacağıq. Biz hər matça xallar qazanmaq məqsədilə çıxırıq. “Sabah”la görüşün asan keçməyəcəyini bilirik. Buna baxmayaraq, müsbət nəticəyə ümid edirəm. İnanıram ki, 90 dəqiqənin yekununda bizi razı salacaq hesab qeydə alınacaq.
– Azərbaycan Premyer Liqası haqda fikriniz necədir? Çempionatın səviyyəsi ürəyinizcədir?
– Azərbaycanda futbol, həqiqətən də, möhtəşəmdir. Düşünürəm ki, yaxın gələcəkdə çempionatın səviyyəsi daha da artacaq.
– Azərbaycan çempionatında sizi nə təəccübləndirdi?
– Məni heç nə təəccübləndirmədi. Çünki burada oynamış bütün dostlarım liqa haqda ancaq müsbət fikirlər səsləndirmişdilər. Gələndən sonra öz gözlərimlə də dediklərinin şahidi oldum.
ABBAS