Misli Premyer Liqasının 25-ci turu maraqlı məqamlarda yadda qaldı. Turun ilk 3 oyunu ev sahiblərinin məğlubiyyəti ilə nəticələndi. Özü də hər 3 matçda qonaq komanda 2:0 hesablı qələbəyə sevindi. Bir heç-heçənin qeydə alındığı turda üzü gülən meydan sahibi təkcə “Kəpəz” oldu.
“6 xallıq” oyunun sevinəni “Şamaxı” oldu
Turun açılış matçında qış fasiləsindən sonra yaxşı təsir bağışlayan “Səbail” mövsümün ikinci yarısına uğursuz start verən “Səbail”in qonağı oldu. Son nəticələri nəzərə alsaq, “dənizçilər”in qələbə qazanmaq şansı daha çox dəyərləndirilirdi. Ancaq “Şamaxı” qış fasiləsindən sonra ikinci qələbəsini qazanmağı, səfərdən 3 xalla qayıtmağı bacardı.
Ayxan Abbasovun komandası bu görüşdə uğursuz nəticə ilə üzləşsəydi, “Şamaxı” üçün turnir cədvəlindəki vəziyyət daha da qəlizləşəcəkdi. Hər iki tərəf üçün qələbə böyük önəm kəsb etdiyindən, bu görüşü “6 xallıq” matç da adlandırmaq olardı.
İlk hissədə hesabı açan qonaqlar ikinci hissədə oyuna tam nəzarət edən tərəf idilər. “Şamaxı” fasilədən sonra yaratdığı qol imkanlarından yalnız birindən faydalana bildi. Əslində, “Səbail”in qapıçısı Əlirza Müştəbazadənin inamlı oyunu və müdafiə xəttinin son anda kritik toxunuşları olmasaydı, “Şamaxı” 2:0 deyil, daha böyükhesablı qələbə ilə dönərdi. İstənilən halda, qonaqlar vacib qələbə qazanaraq, turnir cədvəlində 7-ci pilləyə yüksələ, beləcə təhlükəli zonadan bir qədər uzaqlaşa bildilər. Həm bu matçda, həm də “Kəpəz”in oyununda qeydə alınan nəticələrdən sonra “Səbail”in ən azı 27-ci turadək sonuncu pillədə qalacağı rəsmiləşdi.
“Sumqayıt”: mübarizə yoxdursa, qələbə də olmayacaq
Qış fasiləsindən sonra nə qələbə üzü görən, nə də qol vura bilən “Sumqayıt”ın uğursuz seriyalarının “Qarabağ” önündə də davam edəcəyi şübhə doğurmurdu. İlk dəqiqələrdən üstünlüyü ələ alan Ağdam təmsilçisi artıq fasiləyədək matçın taleyini həll etdi. Kadinin az qala “Bakıdan” “Sumqayıt”a vurduğu möhtəşəm qoldan sonra Leandro oyunda yekun hesabı müəyyənləşdirdi.
Diqqətçəkən məqamlardan biri matçda bir futbolçunun belə, sarı vərəqə almamasıdır. Təkcə bu nüans “Sumqayıt”da mübarizə əzminin qalmadığını təsdiqləyir. Axı necə olur ki, uduzan komandadan bir nəfər də sarı vərəqə almır?! Məğlubiyyətlərdən bezən, bunun təəssübünü çəkən futbolçu(lar) sonadək döyüşər, ustalıq səviyyəsi baxımından geri qaldığı rəqibinə belə, əzmkarlıq, döyüşkənlik hesabına yenilməməyə çalışar. Mümkün deyil ki, bu cür oynayan komandada heç kim sarı vərəqəlik qayda pozuntusuna yol verməsin.
Görün “Sumqayıt”ın üzvləri rəqibə qarşı nə qədər incə oynayıblar ki, aralarında bir nəfərə belə, sarı vərəqə göstərilməyib. Deyək ki, komanda qaydalar çərçivəsində müqavimət göstərməyin düsturunu əzbər bilir. Elədirsə, hər şeyi “dəqiqliklə ölçən” “kimyaçılar” niyə qapılarından qollar buraxır, ardıcıl məğlubiyyətləri sıralayırlar?!
“Sumqayıt” hazırda 8-ci pillədədir, özü də 9-cu yerlə eyni xaldadır. “Gənclik şəhəri” təmsilçisini sonuncu olan “Səbail”dən cəmi 4 xal ayırır. Bu gedişlə qış fasiləsinədək bəh-bəhlə təriflənən Vaqif Cavadovun komandası I Liqaya düşməsə, yaxşıdır.
Sadıqovun Berdıyev üzərində ilk qələbəsi
Turun maraqla gözlənilən oyunlarından biri Tovuzda yerli komanda ilə “Zirə” arasında keçirildi. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” qələbə qazanmış, ikinci dövrədəki matçda isə heç-heçə qeydə alınmışdı. Ancaq qış fasiləsindən sonra bu oyunadək 15 xal toplayan “Zirə”nin bu dəfə səfərə 3 xal üçün getdiyi şübhə doğurmurdu.
Oyuna yaxşı başlayan Rəşad Sadıqovun komandası hər iki hissənin əvvəlində fərqlənərək, uğurlu çıxışını davam etdirdi. “Zirə”nin bu görüşdə qələbəyə layiq olduğunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də matçsonrakı mətbuat konfransında təsdiqlədi. Berdıyev üzərində ilk qələbəsini qazanan Sadıqovun komandası qış fasiləsindən sonra çempionatda həqiqətən də əla təsir bağışlayır. 7 oyuna 6 qələbə bunu təsdiqləyən başlıca faktordur.
Yarımfinalçıların dueli: hərəyə 2 qol və 1 xal
Masazırda baş tutan “Sabah” – “Araz-Naxçıvan” matçı turun ən bol qollu və dramatik keçən qarşılaşması oldu. Meydan sahibləri oyun ərzində 2 dəfə hesabda önə keçsələr də, hər iki halda qonaqlar az sonra tarazlığı bərpa edə bildilər. Nəticədə eyni sayda qol vuran tərəflərin yekunda qazandıqları xal sayı da eyni oldu.
Maraq üçün qeyd edək ki, bu komandaların cari mövsümdəki əvvəlki oyunlarından biri heç-heçə nəticələnmiş, digərində isə “Sabah” minimalhesablı qələbəyə sevinmişdi. Bu isə o deməkdir ki, “Araz-Naxçıvan” ardıcıl 3-cü görüşdür “bayquşlar”a qalib gələ bilmir.
Hər iki komanda Azərbaycan Kubokunda yarımfinala adlayıb. Xüsusən, “Sabah” bütün diqqətini kuboka yönəldib və onu qazanaraq avrokuboklara vəsiqə əldə etməyə ümidlidir. Hazırda Premyer Liqada 3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan”ın isə kubokdan əlavə, çempionat vasitəsilə də avrokuboklara getmək üçün real şansı qalmaqdadır.
“Neftçi”də stabillik çatışmır
“Neftçi” nə qədər çalışsa da, vəziyyəti düzəldə, stabilliyi yaxalaya bilmir. Ölkə kubokunda hər iki oyunda “Kəpəz”i üstələyən “ağ-qaralar” liqadakı matçda eyni uğuru təkrarlamağı bacarmadılar. Baş məşqçi Samir Abasov nə qədər çalışsa da, paytaxt klubunu ardıcıl qələbələr qazanan komanda səviyyəsinə hələ ki çatdıra bilmir. Bu gedişlə “Neftçi” çempionatı ən yaxşı halda hazırkı mövqeyində – 6-cı pillədə bitirəcək. Bütün ümidini ölkə kubokuna yönəldən “ağ-qaralar” bunun üçün ilk növbədə finala yüksəlməli, ardınca isə həlledici matçdan da üzüağ çıxmalıdırlar. “Qarabağ”ın da həmin yarışda mübarizəni davam etdirdiyini nəzərə alsaq, “Neftçi”nin planının həyata keçəcəyi real görünmür.
“Kəpəz” isə olduqca vacib qələbə qazandı. Bu qalibiyyət sayəsində gəncəlilər ən azı 27-ci tura kimi sonuncu pilləyə düşməyəcəklərini dəqiqləşdirdilər. Ancaq bu, komandanın Premyer Liqadakı yerini yüz faiz qoruya biləcəyi anlamına gəlmir. “Kəpəz” elitada qalmaq üçün arxayınlaşmamalı, qalan 11 turda da bacardığı qədər xal toplamalıdır.
FƏRİD