“Bu iki il ərzində heç bir komanda ilə təklif və ya danışığım olmayıb. Hazırda adım hallanan heç bir klub rəhbərliyi ilə telefon danışığım belə olmayıb”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.
Təcrübəli mütəxəssis son günlər adının “İmişli” ilə birlikdə hallanmasına da münasibət bildirib: “Kim niyə yazır, niyə yazdırır – hələ də bilmirəm. Hansısa komandada boşluq olan kimi Tərlan Əhmədovun adı hallanır, lakin sonra başqaları gəlir. Sanki karusel kimi məşqçilər klublar arasında yer dəyişir. Görünür, kimlərsə yenə adımı hallandırır ki, hansısa işin başına gəlməyim, bunu istəmirlər”.
Əhmədov haqqında yayılan xəbərlərin əksəriyyətinin əsassız olduğunu bildirib və bu cür iddiaların onun xarakteri üzərindən müzakirələrə səbəb olduğunu qeyd edib: “Onsuz da adıma o qədər sözlər çıxarırlar ki, nə etmək istədiklərini hələ də bilmirəm. Mənim xarakterimi ortaya atıblar. Elə bil kimləsə evlənəcəm, ilk öncə xarakterimlə maraqlanırlar. Nəticələr qalıb qıraqda, yersiz müzakirələr gedir. Futbola yanaşmaları düzgün deyil. Əgər hansısa təklif olarsa, mətbuata şəxsən özüm açıqlayacam. Ona görə də hazırda yazılan və deyilən xəbərlərin heç birinə inanmasınlar”.
GÜNAY SÜLEYMANOVA