Misli Premyer Liqasında 25-ci turun oyunları maraqlı nətricələrlə yadda qaldı. Liderlər qrupumda vəziyyət dəyişdi, “Sabah”la “Neftçi” qələbəyə həsrət qaldı, “Səbail” zirzəmidə “möhkəmləndi”.
Turu dəyərləndirmək üçün sabiq yarımmüdafiəçi və klub funksioneri Ceyhun Sultanova müraciət etdik. O, futbolinfo.az saytına verdiyi açıqlamada matçları bir-bir dəyərləndirdi.
– “Səbail” və “Şamaxı”nın səviyyələri demək olar ki, eyni idi. Kim daha az səhv etsəydi, o da qalib gələcəkdi. “Şamaxı” üstün oynayaraq qalib gəldi.
– “Sumqayıt” və “Qarabağ” matçında Ağdam klubunun qələbəsi öncədən proqnozlaşdırılan idi.
– Turun ən çətin oyunu “Turan Tovuz” və “Zirə” arasında baş tutdu. Həmin oyunda qəsəbə təmsilçisi daha ehtiyatlı oynayaraq az səhv etdi və buna görə də matçı qalib şəkildə başa vurdular.
– “Sabah” və “Araz-Naxçıvan” bərabər səviyyəli oyun sərgilədilər. Sonda hesab da ədalətli şəkildə yekunlaşdı.
– Biraz təəccübləndirən “Kəpəz” – “Neftçi” qarşılaşması oldu. Bu matçda “ağ-qaralar”ın qələbə qazanacağını düşünürdüm. Çünki bir neçə gün öncə kubokun hər iki oyununda “Kəpəz”ə qalib gələrək yarımfinala adlamışdılar.
GÜNAY SÜLEYMANOVA