“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edib.

Mütəxəssis “Reyncers”ə 1:3 hesabı ilə məğlubiyyətin səbəblərini açıqlayıb: “Dünənki mətbuat konfransımı dinləsəniz, rəqibə böyük hörmətlə yanaşdığımı demişdim. Əvvəlki baş məşqçiləri öz fəlsəfəsinə daha çox diqqət yetirirdi və mən bilirdim ki, Barri Ferqyuson daha praqmatik yanaşmaya malikdir. “Reyncers”lilər mümkün qədər müdafiə olundular və bunu yaxşı bacardılar. Onların əks-hücumları təhlükəli idi. Mən təəccüblənmirəm”.

Portuqaliyalı çalışdırıcı Şotlandiyadakı matçda revanş vəd edib: “Qapıçı hər dəfə topa sahib olanda 6-8 saniyə əvəzinə 30 saniyə vaxt aparırdı. İstənilən halda, onlar mübarizə apardılar və qələbəyə layiq idilər. Rəqibə ancaq bir şeyi deyə bilərəm: cavab matçı olduğu üçün çox bayram etməyin. İkinci oyunun sonunda bayram etsələr, onları təbrik edəcəm. Hələlik sakitləşməyimiz daha yaxşıdır, çünki bu hələ son deyil”.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 13-də baş tutacaq.

Shares: