“Düzdür, komanda olaraq biz daha yaxşı, daha baxımlı çıxış etdik. Qələbəyə daha çox layiq olan tərəf biz idik. Amma “Sabah” da yaxşı futbolçulara malik komandadır. Əllərinə düşən az epizodları dəyərləndirərək, sözlərini dedilər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının son turunda 2:2 hesablı bərabərliyi belə dəyərləndirib: “Hər iki komanda qalib gəlmək istəyirdi. Çox məhsuldar oyun keçdi, komandalar hərəyə 2 qol vurdu. Hazırda bütün komandalar bir-birini yaxından izləyir deyə, xal itirmək istəmir. Şükür ki, çətin səfərdən 1 xalla qayıtdıq. Bu xalın gələcəkdə bizim üçün çox əhəmiyyətli olacağından əminəm”.
Abdullayev çempionatda gərgin mübarizənin davam etdiyini bildirib: “Hər bir oyunun və hər bir komandanın öz hökmü var. Bu dəqiqə “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” bir-birini çox yaxşı izləyir. Çempionat sanki iki hissəyə ayrılıb. Hər iki tərəfdə də gərgin mübarizə gedir və bəlli məqsəd üçün çalışır. Məqsədə nə qədər yaxınlaşsan, o qədər çox ağırlığını hiss edəcəksən. Yalnız öz oyunumuza diqqət etmək istəyirik ki, hədəfimizə çataq. Çünki özümüzə köklənsək, qələbələrin davamı gələcək”.
30 yaşlı yarımmüdafiəçi komandasının əsas hədəflərindən danışıb: “Mövsüm sonu məqsədimiz ilk üçlüyə düşərək, Avropaya yollanmaqdır. Eyni zamanda kubokda da mübarizə aparırıq. Hər iki mövqedə uğurlu olmaq istəyirik”.
Kubokda “Qarabağ”la qarşılaşacaqlarını xatırladan futbolçu, rəqibin gücünü etiraf etsə də, sona qədər mübarizə aparacaqlarını deyib: “Onlar haqda nəsə deməyə ehtiyac yoxdur. Çünki Azərbaycan futbolu deyəndə ağıla ilk gələn onlardır. Amma bu o demək deyil ki, biz təslim olacağıq. Biz elə bir komanda deyilik. Sona qədər mübarizə aparıb, xarakter göstərəcəyik. İnşallah, bunun öhdəsindən gələrik və finala adlayarıq. Məncə, buna layiqik. Çünki bu il çox yaxşı işlər görmüşük. İnşallah, sonu da gözəl olar və kollektiv olaraq arzumuza çatarıq”.
GÜNAY SÜLEYMANOVA