“Sumqayıt”ın Azərbaycan Kubokundakı 2 görüş də nəzərə alınmaqla son 11 oyunda qol vura bilməməsi futbolun gözlənilməz təbiətini əks etdirən bir vəziyyətidir. Belə hallar yalnız Azərbaycan futbolu üçün deyil, həm də dünya miqyasında qeydə alınıb.
Bir çox ölkənin futbol çempionatlarında komandalar bir neçə oyunda qol vura bilməməklə böyük səs-küyə səbəb olub. Bu cür statistikalar həm komandaların hücum gücünü, daha doğrusu gücsüzlüyünü, həm də ümumi çıxışlarını qiymətləndirmək üçün vacibdir. Belə vəziyyətlə qarşılaşan klubların bir çoxu çətin dövrlər keçirmiş və nəticədə elitadan düşmək kimi acı talelələrlə üzləşmişdir.
Məsələn, İngiltərə Premyer Liqasında “Kristal Pelas” 1994/95 mövsümündə 9 oyunda (836 dəqiqə) qol vurmayıb. Bu, komandanın 42 turda yalnız 34 qol vurduğu və 19-cu yeri tutduğu mövsümdə baş vermişdi. Bunun nəticəsində də londonlular elitanı tərk etmişdi.
Eyni şəkildə “Derbi Kaunti” 2007/08 mövsümündə 7 oyunda (777 dəqiqə) qol vurmayıb. Bu da mövsümün sonunda komandanın faciəsi ilə nəticələnmişdi. Bəli, “Derbi” 20-ci yeri tutaraq Premyer Liqaya “əlvida” demişdi.
Oxşar vəziyyətlə 1994/95 mövsümündə “İpsviç Taun” da üzləşib. Bu komanda 7 oyun (714 dəqiqə) ərzində qol vura bilməyib. Ümumilikdə isə 42 tur ərzində 36 dəfə fərqlənərək 22-ci yerlə elitadan çölə atılıblar.
Təbii ki, bu cür statistika hücum xəttindəki zəifliklə əlaqələndirilə bilər. Çünki Premyer Liqada çıxış etmiş hər 3 komanda bu sindrom nəticəsində çətin vəziyyətə düşüb və mövsümün sonunda öz yerini itirib.
İspaniya La Liqasında bu cür statistikalar mövcuddur. Məsələn, “Sabadel” 1987/88 mövsümündə 8 oyunda (813 dəqiqə) qol vura bilməyib. Ümumilikdə 27 qol vuraraq 19-cu yeri tutan “Sabadel” sonda sequndaya yuvarlanıb. Həmçinin “Kastelyon” da 1990/91 mövsümündə 8 oyunda (757) dəqiqə qol vura bilməyib. Nəticə yenə də ağır olub: 19-cu yer və “əlvida, elita!”
Almaniya Bundesliqasında oxşar hallara rast gəlmək mümkündür. “Köln” 2001/02 mövsümündə 11 oyunda (1034 dəqiqə) qol vura bilməyib. “Keçilər” nəticədə 34 tura 26 qol vuraraq 17-ci yerlə elitadan “deportasiya edilib”.
Həmçinin Rusiya Premyer Liqasında çıxış edən “Tom” klubu 2011/12 mövsümündə 12 oyunda (1166 dəqiqə) qol vura bilməyib. Ümumilikdə 44 turda 30 qol vuran bu komanda 15-ci yerlə elitanı tərk edib. Eyni şəkildə “SKA-Xabarovsk” 2017/18 mövsümündə 10 oyunda (916 dəqiqə) qol vura bilməyib və mövsümü də 16 qolla başa vurub. Təbii ki, elitanı da tərk edib.
Fikir verdinizsə, bu problemlərlə üzləşən komandaların aşağı liqaya yuvarlanıb. Bu kimi hallarda komandaların qol vura bilməməsi yalnız hücum xəttinin zəifliyini göstərmir. Bu, həm də taktiki savaşda məğlubiyyət deməkdir. Hücumla müdafiə xəttinin balanslı olmaması, eyni zamanda oyunda psixoloji vəziyyət və və strateji səhvlər də bu cür nəticələrə səbəb ola bilər. Çünki qol son nöqtədir. Biri cümlə qura bilmirsə, təbii ki, nöqtəni də qoya bilməyəcək.
Belə statistikalar futbolçuların psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Komanda belə uğursuzluqlar yaşadıqca oyunçuların inamı və motivasiyası azala bilər. Bu da ümumi performansı daha da aşağı salır və nəticədə kollektiv dağılır.
“Sumqayıt”ın bu vəziyyətdən necə çıxacağını deyə bilmərik. Vaxtilə hücuma yaxın mövqedə oynayan Vaqif Cavadovun komandasına belə “dişzizlik” yaraşmır. “Xolostoy”la gedən komanda I Liqaya yuvarlanmaq təhlükəsi yaşayır. 1 qol mühərriki işə sala bilər. Hələ ki, “qaz verə” bilmirlər…
FƏRİD