“Kəpəz”in baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi

– Son 1 ay ərzində “Neftçi” ilə 3 dəfə qarşılaşdınız və bu görüşlərdən ikisində məğlub olub, birində qələbə qazandınız. Sonuncu matçdakı qələbəni nəyin hesabına əldə etdiniz?

– Həqiqətən də, “Neftçi” ilə oyunlarımız daha maraqlı, qol epizodları ilə zəngin keçir. Əvvəlki matçlarda qol imkanlarından lazımınca yararlana bilməmişik. Sonuncu görüşə gəlincə, futbolçularımı motivasiya etmək mənim üçün çətin olmadı. Qarlı havadakı məğlubiyyət bəs etdi ki, oyunçular tam olaraq budəfəki qarşılaşmaya köklənsinlər. Şükürlər olsun ki, daha az səhv edərək meydandan 3 xalla ayrılmağı bacardıq.

– Komandanızın qış fasiləsindən sonrakı çıxışını ümumilikdə necə dəyərləndirirsiniz?

– Ümumi yanaşsaq, 3-cü dövrədə komandanın oyununda qığılcım, yaxşılığa doğru dəyişiklik var. Düşünürəm ki, qol epizodlarını dəyərləndirməyin üzərində çox çalışsaq, daha fərqli “Kəpəz” görə bilərik.

– Qış “transfer pəncərəsi”ndə komandanıza qoşulan yeni transferlərin çıxışından razısınız? Onlar oyun fəlsəfənizə tam alışa biliblər, yoxsa bir qədər də zamana ehtiyacları var?

– Yeni qoşulan futbolçular uyğunlaşma baxımından böyük çətinliklər yaşamadılar. Təkcə Trent Buhagiarın bir qədər zamana ehtiyacı var. Şervoni Mabatşoev və Rati Ardazişvilinin ölkələri coğrafi baxımdan bizə yaxın olduqları üçün onların adaptasiyası daha qısa çəkdi. Hələ ki hər üçündən razıyıq. Oyundan-oyuna çıxışlarında artım hiss olunur. Rati digər ikisi ilə müqayisədə düşərgəmizə daha tez qoşulduğu üçün artıq komandaya tam uyğunlaşıb.

– Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Rəqib qış fasiləsindən sonra nə qələbə qazana bilir, nə də qol vura. Rəqibin hazırkı durumundan maksimum faydalana biləcəksiniz?

– “Sumqayıt”ın hazırkı durumuna pessimist yanaşmaq olmaz. Bu komandanın heyətində yaxşı futbolçular var, yaxşı heyət formalaşdırıblar. Son oyunlarında uğursuz nəticələrin qeydə alınmasının səbəbini bilmirəm. Rəqibin gücünə bələdik. Bizi çox çətin səfər qarşılaşması gözləyir. Bu oyunda qazanacağımız 1 xal da bizim üçün yaxşı nəticə sayılar.

– Ramazan ayı ilə əlaqədar olaraq, digər klublar kimi, “Kəpəz”də də oruc tutan oyunçular var. Futbolçuların oruc tutması onların fiziki durumuna, performansına necə təsir edir?

– Futbolçularımızın təxminən 30 faizi hazırda oruc tutur. Son oyunumuzda meydana çıxanlardan 6-sı oruc tutmuşdu. Əlbəttə, heç bir insanın dini inancına xələl gətirə bilmərik. Bir futbolçu oruc tutmaq istəyirsə, bu, şəxsi qərarıdır. Heç bir məhdudiyyətimiz yoxdur. Allah tutduqları orucu qəbul etsin. Oruc heç də futbolçunun fiziki keyfiyyətlərini aşağı salmır. Avropa klublarında da oyunçulara bu barədə qadağa qoyulmur.

– Son qələbəyə baxmayaraq, “Kəpəz” üçün Premyer Liqanı tərk etmək təhlükəsi hələ də qalmaqdadır. Bu sınaqdan üzüağ çıxmaq, komandanızın yüksək dəstədəki yerini qorumaq mümkün olacaq?

– Doğru vurğulayırsınız, “Kəpəz” hələ heç nə etməyib. İndi qazandıqlarımız çempionatın əvvəlindəki xal itkilərimizin əvəzini tam olaraq vermir. Düşünürəm ki, son 11 turda daha məsuliyyətli olmalı, daha çox çalışmalıyıq. Xal ehtiyatımızı daha da artıraraq komandanı düşdüyümüz çətin vəziyyətdən çıxartmalıyıq.

ABBAS

Shares: