İki ildir yüksək maaşı səbəbi ilə Frenki de Yonqdan qurtulmağa çalışan “Barselona” rəhbərliyi fikrini dəyişib. Yarımmüdafiəçinin əla oyunu sayəsində komandanın nəticələrinin yaxşılaşmasında rol oynaması yeni müqaviləyə şərait yaradıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Hansi Flikin də israrı ilə Niderland yığmasının üzvü ilə müzakirələr başlayıb. İngiltərə klublarından bir neçə təklif alan de Yonqa yeni müqavilə təklif edilib. Razılıq əldə olunarsa, Frenkinin maaşı artırılmayacaq. O, indi aldığı miqdarda – vergilər xaric, illik 18-19 milyon avro – qazanacaq.

Niderlandlı yarımmüdafiəçi yaxın həftələrdə İspaniya nəhənginə yekun cavabını verməlidir. Razılıq əldə olunmasa, “Barselona” onu yayda satmağa çalışacaq. 27 yaşlı oyunçunu bir ildən sonra azad agent kimi itirmək istəməyən klub, dəyəri 45-50 milyon avro olan de Yonqdan fayda götürməyə çalışır.

Xatırladaq ki, Frenki 2019-cu ildə “Ayaks”dan 86 milyon avroya transfer olunmuşdu.

Shares: