21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasında qış fasiləsindən sonra hansı komandalar öz çıxışı ilə diqqətinizi daha çox çəkir?

– “Qarabağ” və “Zirə”ni çıxmaq şərtilə, o biri komandalarda stabilliyin olmaması diqqət çəkir. Bəzi məşqçilər mövsümün əvvəli və ya ortasında işin başına keçdikləri üçün istədikləri komandanı formalaşdırmaqda çətinlik çəkdiklərindən, həmin komandaların oyunlarında və nəticələrində qeyri-stabillik müşahidə olunur.

– “Araz-Naxçıvan” uzun müddət ikinci pillədə qərarlaşsa da, üçüncü dövrədəki qeyri-sabit çıxışı üzündən bu yeri “Zirə”yə təhvil verdi. Bu gedişatı gözləyirdiniz? “Zirə”nin mövsümün sonunadək hazırkı mövqeyini qoruyacağına inanırsınız?

– “Araz-Naxçıvan”da cəzalı və zədəli futbolçuların çoxluğu onlara problem yaratdı. Nəticədə oturuşmuş heyəti olan “Zirə” sabitliyini qoruyaraq ikinci pilləyə yüksəldi. Buna baxmayaraq, Naxçıvan təmsilçisi mövsümün əvvəlindən qarşısına qoyduğu hədəfə çataraq avrokuboklara düşə biləcək. Mövsümün sonuna 10 tur qalıb. Mən “Araz-Naxçıvan”ın istəyinə çatacağına inanıram.

– Sabiq komandanız “Neftçi”nin qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiniz? Sizcə, “ağ-qaralar” mövsümü neçənci yerdə bitirə biləcəklər?

– “Neftçi” Roman Qriqorçukun rəhbərliyi altında cari mövsümə çox pis başladı. Samir Abasovun gəlişindən sonra komandanın oyununda irəliləyiş hiss olunur. Ancaq mövsümün əvvəlində itirilən xallar çempionat yolu ilə avrokuboklara düşmək şansını, demək olar ki, yox edir. Kubok yolu ilə avrokuboklara düşmək şansı isə hələ qalmaqdadır.

– “Neftçi” və “Sabah” əsas diqqətini ölkə kubokuna yönəldib. Bu komandalardan hansısa biri kuboku “Qarabağ”ın qazanmasına mane ola bilərmi?

– Həm “Neftçi”, həm də “Sabah” mövsümə pis başladığından, hər iki komandada məşqçi dəyişikliyi yaşandı. Samir Abasov ve Vasili Berezutski öz oyun fəlsəfəsini yeridənədək xal itkiləri qaçılmaz oldu. Bu üzdən hər iki klub avrokuboklara qatılmaq üçün ümidlərini kubok oyunlarına yönəldiblər. Premyer Liqada “Qarabağ”ın çempionluğu, demək olar ki, vaxt məsələsidir. Ağdam təmsilçisi kubokda da iddialıdır və cari mövsümdə “qızıl dubl”a imza atmaq istəyir. Bu səbəbdən kubokun yarımfinal və final matçlarının maraqlı məcrada keçəcəyini güman edirəm. Kubok oyunlarında gözlənilməz nəticələrin az olmadığını nəzərə alsaq, deməli, yarımfinala çıxmış hər bir komandanın yarışın qalibi olmaq şansı var.

– Premyer Liqada autsayderlərin mübarizəsi də gərgin keçir. Hansı komandanın mövsümün sonunda yüksək dəstə ilə vidalaşacağını düşünürsünüz?

– Artıq 3-cü mövsümdür ki, idman prinsipləri qorunacaq, Premyer Liqanin sonuncusu I Liqaya düşəcək. Son pillələrdə qərarlaşan komandalar arasında amansız mübarizə gedir. Bu baxımdan çempionat oyunları son turadək maraqla izlənilir. Qarşıda hələ 10 tur var, bu isə potensial 30 xal deməkdir. Bu baxımdan son pillələrdə qərarlaşan və aralarında elə də böyük xal fərqi olmayan 4 komanda arasında gərgin mübarizə gedəcək. İndidən hansı komandanın I Liqaya düşəcəyini demək isə bir az çətindir.

FƏRİD

Shares: